Tokelo Ranti sevdası “Qarabağ” Futbol Klubununa baha başa gələ bilər.
Oxu.Az-ın yeniçağ-a istinadən verdiyi məlumata görə, buna səbəb “Qarabağ” rəhbərliyinin futbolçuyla danışıqlara Rantinin müqavilə bağladığı “Gənclərbirliyi” klubundan xəbərsiz olaraq başlamasıdır.
Bu isə Türkiyə təmsilçisinin “atlılar”dan FIFA-ya şikayət etməsi ilə nəticələnə bilər.
Bu azmış kimi, danışıqlar futbolçunun özü ilə yox, agenti vasitəsi ilə aparılıb. Tokelo Ranti ilə ortaq məxrəcə gələn “Qarabağ” rəhbərliyi sonda Ankara klubuna müraciət edib və transfer haqqı kimi 300 min avro təklifini irəli sürüb. Ancaq “atlılar”ın qaydalara zidd hərəkət etməsi “Gənclərbirliyi” rəhbərliyini özündən çıxarıb. Nəticədə transfer haqqı olaraq “Qarabağ”dan 600 min avro tələb olunub.
Məsələyə qarşıdakı günlərdə tam aydınlıq gələcəyi gözlənilir. Cənubi Afrika Respublikasından olan futbolçu ilə bütün məsələlərdə razılaşan “Qarabağ” rəhbərliyi, Rantinin transfer hüququnu əldə etmək üçün “Gənclərbirliyi”nin prezidenti Murad Cavcavı da razı salmalıdır.
Qeyd edək ki, Rantinin Türkiyə klubu ilə 2018-ci ilin yayına qədər sözləşməsi qüvvədədir.
Z.Q.
www.oxu.az