Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üç cüdoçumuz Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edib - REYTİNQ
Cüdoçuların Olimpiya reytinq cədvəli açıqlanıb.
Oxu.Az xəbər verir ki, açıqlanan reytinq cədvəlinə görə, bir sıra dəyişikliklər olub.
Üç cüdoçumuz Olimpiadaya getmək şansı əldə edib. Bunlar Kəramət Hüseynov, Aişə Qurbanlı və Gültac Məmmədəliyevadır.
Kişilər
-60 kq
Kəramət Hüseynov 10 pillə irəliləyərək, 29-cu yerə yüksəlib və bu nəticə ilə Olimpiadaya lisenziya qazana bilir. Onu da bildirək ki, Kəramət Hüseynov cüdo üzrə iki Olimpiya çempionumuzdan biri olan Elnur Məmmədlinin bacısı oğludur.
-66 kq
Nicat Şıxəlizadə 14 pillə irəliləyərək, 18-ci sıraya qalxıb. Əvvəl olduğu 32-ci pillə ilə kontinental kvota hesabına Olimpiadaya gedə bilən təcrübəli cüdoçumuz indi bu sıra ilə birbaşa Olimpiyadaya vəsiqə qazana bilir.
Bu çəkidə İbrahim Əliyev 27-cidir və o da Olimpiadaya gedə bilir (lakin hər çəkidə bir ölkənin idmançısının Olimpiadada təmsil olunduğunu nəzərə alsaq, Nicatın getməsi fonunda o kənarda qalacaq – S.T.). Olimpiadaya getməyə iddialı digər cüdoçumuz Orxan Səfərov isə bir ay ərzindəki nəticəsinə görə yalnız bir pillə qalxma imkanı əldə edib və hazırda 39-cudur.
-73 kq
Rüstəm Orucov yenə dünya və Olimpiya reytinqinə başçılıq edir. Əvvəl üçüncü sırada olan Hidayət Heydərov isə iki pillə geriləyərək, beşinci sıraya düşüb. Hər iki idmançımız Olimpiadaya bu nəticə ilə düşsə də, Rüstəm Olimpiadaya getməyə daha yaxındır.
-81 kq
Bu çəkidə Murad Fətiyev 17 pillə irəliləyərək 37-ci sıraya qalxıb. Lakin bu da hələ Muradın Olimpiadaya düşməsi üçün kifayət etmir. Hidayət Heydərov isə yenidən 81 kq-dan 73-ə qayıtdığından, beş pillə geriləyərək, 99-a düşüb.
-90 kq
Məmmədəli Mehdiyev bir ay ərzində 360 xal qazanıb. Lakin rəqibləri daha çox xal qazandığından, o bir pillə geriləyərək, səkkizinci sıraya düşüb. Bununla belə, bu nəticə də Məmmədəlini Olimpiadaya apara bilir.
-100 kq
Bu çəkidə dəyişiklik olub. Belə ki, Elmar Qasımov təxminən 700 xal qazanıb və doqquz pillə irəliləyərək, altıncı sıraya qalxıb. Bu çəkidə legionerimiz olan Zelim Kotsoyev isə beş pillə geriləyərək, 12-ci sıraya düşüb. Bir ay əvvəlki reytinqlə Zelim Olimpiadaya gedə bilirdisə, indi Elmar Tokioya düşmək şansı əldə edib.
+100 kq
Gürcü legionerimiz Uşanqi Kokauri də indi qərarlaşdığı üç pillə geriləyərək 15-ci sıraya düşüb. Ancaq Olimpiadaya gedə bilir.
Qadınlar
-48 kq
Aişə Qurbanlı dörd pillə irəliləyərək, Olimpiadaya lisenziya qazanan 26-cı yerə yüksəlib. Leyla Əliyeva isə bir pillə geriləyərək, 28-ci olub. Bu iki şəxs arasında sonadək gərgin mübarizə gedəcəyini indidən proqnozlaşdırmaq olar.
-52 kq
Gültac Məmmədəliyeva iki pillə geriləyərək 34-cü olub. Lakin onun üçün “yaşıl işıq” yanıb. Belə ki, o, Avropa qitəsi üçün ayrılmış kvotaya düşən idmançılar arasında olduğundan, Olimpiadaya gedə bilir.
-57 kq
Rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian dörd pillə irəliləyərək, 41-ci sıraya yüksəlib. Lakin bu yer də Olimpiadaya getmək üçün uzaq yerdir.
+78 kq
Burada yeganə təmsilçimiz İrina Kindzerskaya yerində sayıb. Ukraynalı legionerimiz 3014 xalda qaldığından, bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Lakin o bu durumda da Olimpiadaya gedə bilir.
Qarışıq yığma komanda
Qarışıq komandaların yarışında da Azərbaycan normativlərdən birini yerinə yetirə bilib. 57 kq qadınlar normativini Aişə Qurbanlının Olimpiadaya gedə bilməsi ilə dolduran millimiz yalnız bir çəkidə axsayır. Bu da qadınlar 70 kq-dadır. Həm 63, həm də 70 kq-da çıxış edən qadın cüdoçumuz olmadığından, bu yerə görə qarışıq komandamız Olimpiadaya vəsiqə qazana bilmir.
Qeyd edək ki, qadınlarda 63, 70 və 78 kq çəki dərəcələrində Azərbaycan idmançısı reytinqdə yoxdur.
Səbuhi Musayev
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcək
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
Rəylər