Futbolun bəzəyi qoldur. Qapıların torlarını silkələyən qollar bəzən təsadüfi alınır; top oyunçunun qarşısına düşür və futbolçu onu hədəfə çatdırır. Ancaq bu, standart vəziyyətlərdən vurulmuş qollara aid deyil. Standart vəziyyətlər – cərimə zərbələri və künc zərbələri zamanı reallaşmış qollar çox vaxt taktiki düşüncənin məhsulu olur.
Oxu.Az xəbər verir ki, Azərbaycanın da özünəməxsus taktiki düşüncə ilə vurulan qolu var.
Buna “Vaqif Sadıqov üslubu”, “Vaqif Sadıqov taktikası” və ya “Azərbaycansayağı qol” deyilir.
Dünən “Səbail” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya” (Rumıniya) ilə oyununda ilk qolu məhz bu taktika ilə vura bildi. Ağabala Ramazanov moldovalı Yevgeni Koçyukun künc zərbəsindən ötürməsini məhz bu taktikanın sayəsində qola çevirə bildi.
Vaqif Sadıqovun özü isə bu qolu tək öz adına yazmaq istəmədiyini deyir:
“Getdikcə görürük ki, bu taktikadan məşhur klublar da istifadə edir. Ancaq sevinc hissi keçirirəm. Hərdən görürük ki, dünyada vurulan ən yaxşı qolların “Top 10-luğ”unda bizim künc zərbəsindən də istifadə edilib.
Sevindirici haldır ki, Azərbaycan futbolu ilə bağlı olan künc zərbəsi var. Ən yaxşı hal odur ki, bu taktika “Azərbaycansayağı” adını daşıyır. Deməli, bizdən Avropaya nəsə ötürülüb, Azərbaycan bu taktikanın xeyrini görüb. Bu uğuru heç də öz adıma yazmaq fikrində deyiləm. Düşündüyümüz taktika ilə qolları vuran futbolçuların zəhməti az deyil.
Qolların hamısı gözəl olub. Bəlkə də “Pambıqçı”ya vurduğumuz qol birinci olduğu üçün daha yaddaqalan oldu. Mənim üçün ən vacib qol o idi. Məhz o qoldan sonra biz bu gün istifadə edilən taktikanın üzərində dayandıq. Digər qolları da nəzərdən keçirsək, görərik ki, hər birinin öz yeri var”.
Səbuhi Musayev