Azərbaycan basketbolunda bonus sistemi tətbiq olunacaq.
Oxu.Az "Prosport"a istinadən xəbər verir ki, Azərbaycan Basketbol Liqasının 2026/27 mövsümü üçün bir sıra yeniliklərdən istifadə ediləcək.
Yeni mövsümdən 8 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqada klublara federasiya tərəfindən 300 min manat ayrılacaq.
Klublar mövsüm ərzində daha çox maliyyə əldə edə biləcək. Lakin onların xəzinələrini zənginləşdirməsi üçün müəyyən şərtləri yerinə yetirməsi lazım olacaq. Bunlar aşağıdakı şərtlərdir:
1. Klub oyununa 300 azarkeş gətirəcəyi halda hər oyun üçün 3 min AZN qazanacaq. Hər klub müntəzəm mövsüm ərzində keçiriləcək 21 turun hər birində oyuna 300 azarkeş cəlb edəcəyi halda, 63 min manat gəlir əldə edə bilər.
2. Bundan sonra hər qələbəyə görə komandalara 10 min AZN veriləcək. Hər klub maksimum qələbəyə görə 210 min manat qazanmaq imkanı əldə edəcək.
Bundan başqa, yarımfinala yüksələn komandalar əlavə olaraq 150 min, 2-ci yeri tutan komanda 700 min və çempion komanda 1 milyon 400 min AZN ilə mükafatlandırılacaq.
Bu isə o deməkdir ki, yeni mövsümün çempionu federasiyadan 2 milyon 123 min manat qazanc əldə edə biləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında növbəti mövsüm "Sabah", "Abşeron Layns", "Neftçi", "Gəncə", NTD, "Şəki", "Ordu" və "Naxçıvan" komandaları mübarizə aparacaq. Çempionatda müntəzəm mövsüm 3 dövrə və 21 turdan ibarət olacaq.