Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yığmamız Millətlər Liqasında bir divizion yüksəldi
UEFA Millətlər Liqasının formatı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, 2020-ci ilin sentyabrın 3-dən noyabrın 17-dək keçiriləcək növbəti yarışda liqaların tərkibində dəyişikliklər edilib.
Belə ki, bundan sonra A, B və C liqalarında 16, D liqasında yeddi komanda mübarizə aparacaq. Martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacak püşkdə Azərbaycan millisi ilk dəfə C liqasında yarışacaq.
Azərbaycanla yanaşı C liqasında bu komandalar mübarizə aparacaq: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Moldova, Qazaxıstan.
Dörd qrupa bölünəcək C liqasında millimiz qrup qalibi olacağı halda növbəti mövsüm B liqasında yarışmağa vəsiqə əldə edəcək. Əgər komandamız qrupda sonuncu yeri tutacağı halda D liqasına düşməmək üçün digər üç qrupun sonuncusu ilə pley-off matçları keçirəcək. Nəticədə, pley-off matçlarında uduzan iki komanda D liqasına düşəcək.
Qeyd edək ki, Qurban Qurbanovun başçılığı ilə yığmamız ötən il ilk dəfə təşkil olunan turnirin D liqasında mübarizə aparmış, Kosovo, Malta və Farer Adalarının mübarizə apardığı qrupda II yeri tutmuşdu.
Həmçinin, dörd oyunu Bakıda keçiriləcək Avro-2020-nin final mərhələsinin püşkatma prosesi də təsdiqlənib. Noyabrın 30-da Buxarestdə püşkatması olacaq turnirə noyabrın 19-dək keçiriləcək seçmə mərhələ vasitəsilə Azərbaycan vəsiqə qazanacağı halda (bu, real görünmür), millimiz İtaliya ilə birgə A qrupunda yer alacaq.
Vəsiqə qazanacaqları halda, Azərbaycan Ermənistanla, Kosovo həm Bosniya və Herseqovina, həm də Serbiya ilə, İspaniya Cəbəlüttariqlə, o cümlədən Ukrayna Rusiya ilə siyasi məsələlərə görə bir qrupda yer ala bilməz. A qrupunun oyunları Roma və Bakıda baş tutacaq. Roma həm də İtaliya vəsiqə qazanacağı halda, bu yığmanın iştirakı ilə açılış matçına ev sahibliyi edəcək.
UEFA-nın 2017-ci ildən başlayan və altı ölkədə – Azərbaycan, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya və Rusiyada tətbiq olunan “Məktəblərdə futbol dərsi” layihəsi 2020-2024-cü illərdə bütün Avropanı əhatə edəcək. Bu layihə üçün 11 milyon avro ayrılıb ki, AFFA-ya bu dörd il ərzində 200 min avro ayrılacaq.
Bundan başqa, UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını təsdiqləyib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı keçiriləcək turnir Konfrans Liqası adlanacaq. Turnirin qarşılaşmaları cümə axşamları Mərkəzi Avropa vaxtı ilə saat 18:45 və 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç təmsilçisi reytinqinə görə Avropa Liqası deyil, Konfrans Liqasında mübarizə aparacaq.
Səbuhi Musayev
Rəylər