UEFA gələn il Bakıda ağac əkdirəcək.
Oxu.Az xəbər verir ki, bu, Avropa çempionatının keçirilməsinin 60 illiyi ilə bağlı olacaq.
Belə ki, UEFA-nın İcraiyyə Komitəsi 2020-ci ilin 12 iyun – 12 iyul tarixlərində baş tutacaq Avro-2020-nin 12 ev sahibi üçün belə bir sosial xeyriyyə aksiyası keçirilməsinə qərar verib. Bakı ilə yanaşı, London, Münxen, Roma, Sankt-Peterburq, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Qlazqo və Kopenhagen şəhərlərində ümumilikdə 600 min ağac əkiləcək. Bu isə hər şəhərə 50 min ağacın düşməsi deməkdir.
UEFA prezidenti Aleksandr Çeferin açıqlamasında bunu karbon qazının qarşısının alınması ilə əlaqələndirib. O bildirib ki, hər zaman bu şəhərlərə səfərlər zamanı onların avtomobillərinin ixrac etdiyi karbon qazının zərərsizləşdirilməsi üçün belə bir addım atılacaq.
Qeyd edək ki, Bakıda Avro-2020-nin dörd oyunu keçiriləcək. Bunlardan üçü qrup, biri isə 1/4 final matçı olacaq.
Bundan başqa, rəqabət üçün balansın qorunmasını istəyən UEFA xüsusi hesabatı müzakirə edib. “Böyük beşlik” liqalarının qazanclarının digərlərindən qat-qat artıq olması, bunun da bərabər rəqabətə maneçiliyi diqqətə çatdırılıb. Azərbaycan da daxil olmaqla digər 50 liqanın ödənişlərinə baxılması, balans yaradılması üçün addımlar atılması nəzərdə tutulub.
Səbuhi Musayev