Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
20 komanda arasında Kibermüharibə yarışı keçirilir - YENİLƏNİB + FOTO
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplayıb.
Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “bp” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin informasiya texnologiyaları üzrə 3-5 nəfər tərkibdə 20 komandası iki gün ərzində yarışacaqlar. Tədbirin son günündə qalib komanda 30 000 manat mükafat əldə edəcək.
Təşkilatçılar tərəfindən tədbir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, beş panel müzakirəsi, eləcə də ödənişsiz altı fərqli sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına malikdirlər.
Qeyd edək ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.
12:12
20 komanda arasında Kibermüharibə yarışı keçirilir.
Oxu.Az-ın məlumatına görə, yarışma aşağıdakı komandalar arasında keçiriləcək:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - “0x5041”;
2. “Global Service Provider” MMC - “NetVault31337”;
3. Bakı Ali Neft Məktəbi - “Squadron”;
4. “Azercell” - “CyberCell”;
5. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - “ACC Predators”;
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - “Digital Rangers”;
7. “PASHA Bank” - “Old School”;
8. “Kapital Bank” - “CyberKapitalists”;
9. “Expressbank” - “Xpr3ss1337”;
10. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “AS4NS3C”;
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - “KiberDost”;
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı - “CBAR_Team”;
13. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti - “Iron Fist”;
14. “PASHA Technology LLC” - “This is the way”;
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi - “MoD of Azerbaijan”;
16. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - “UEIB”;
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi - “1 Group”;
18. Dövlət Gömrük Komitəsi - “Customs”;
19. Azərbaycan İnvestisiya Holdinqi - “AİH”;
20. “Unibank” - “UniCyberWarriors”.
Komandalar bu gün yarışın 3-cü, yəni final mərhələsində mübarizə aparacaqlar. Dövlət qurumlarının, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorlarının əməkdaşlarından ibarət 41 komandanın mübarizə apardığı Kibermüharibə yarışının birinci və ikinci mərhələsindən uğurla keçən 20 komanda bu gün əsas mükafat uğrunda mübarizə aparır.
Sonda komandalara təhkim olunmuş informasiya sistemlərini ən yaxşı mühafizə etməyə nail olan ilk 3 yeri qazanan komandalar mükafatalandırılacaqlar. Birinci yerə 15 000 manat, ikinci yerə 10 000 manat, üçüncü yerə 5 000 manat dəyərində mükafat nəzərdə tutulub.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"Aİ" teqi üzrə xəbərlər
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Belçika birdəfəlik veyplərin satışını qadağan etmək qərarına gəlib
- Azərbaycan-Ermənistan münasibətləri 2024-cü ildə: İkitərəfli uğurlar, Qərbin müdaxilə cəhdləri
- Avropa Birliyində doğum nisbəti rekord dərəcədə aşağı düşüb
- Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"
Rəylər