“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonunun təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC-dir. Qurumun İdarə Heyətinin sədri isə Elxan Əzizovdur.
Oxu.Az Elxan Əzizov ilə müsahibəni təqdim edir:
- Elxan müəllim, öncəliklə “AzInTelecom”un “TEKNOFEST”də iştirakı ilə bağlı fikirlərinizi öyrənmək istərdim...
- Hesab edirəm ki, əvvəla, “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri haqqında danışmaq lazımdır. Belə ki, fəaliyyət istiqamətlərimizə nəzər salanda bizim “TEKNOFEST”də iştirakımızla bağlı bir çox məsələ aydın olur. “AzInTelecom” MMC əsasən bulud texnologiyaları və rəqəmsal həllər istiqamətində fəaliyyət göstərir. Biz informasiya texnologiyaları, süni intellekt və bulud texnologiyasının imkanlarından istifadə edərək rəqəmsal həllər hazırlayırıq. Bəzi həllər üzrə həm də xidmət göstəririk. Qazandığımız təcrübə və malik olduğumuz üstünlüklər bizə ölkəmizin rəqəmsal quruculuğunda iştirak imkanı verir.
“TEKNOFEST”də iştirakımıza da məhz bu kontekstdən yanaşmaq lazımdır. Belə ki, “AzInTelecom” MMC bu tədbirdə “Smart Qarabağ” Hakatonunun təşkilatçısı kimi iştirak edir. Bu hakaton ölkəmizdə rəqəmsal həllərin yaradılması üçün hazırlanan bir platformadır.
- Hakatonla bağlı bütün detallar maraqlıdır, lakin bu platformanın məqsədi haqqında məlumat vermənizi istərdim. Hakatondan gözləntiləriniz nədir?
- “Smart Qarabağ” Hakatonunun məqsədi işğaldan azad olunmuş Azərbaycan ərazilərində “ağıllı şəhər” həllərinin tətbiq edilməsidir. Bu həllərin tətbiqi həmin ərazilərin dirçəldilməsini sürətləndirəcək, orada yaşayacaq vətəndaşlarımızın rahat, keyfiyyətli, qənaətcil xidmətlərdən istifadəsini təmin edəcək.
Hakatonun 8 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub. Bu istiqamətlərə Təhsil, Kənd təsərrüfatı, Nəqliyyat, Ev təsərrüfatı, Enerji sərfiyyatı, Su sərfiyyatı, Ətraf mühit və Təhlükəsizlik daxildir. Həmin istiqamətlər, demək olar ki, yaşam və məskunlaşma üçün vacib olan bütün sahələri əhatə edir.
Rəqəmsal həllərin tətbiqi azad olunmuş ərazilərimizə yeni nəfəs verməklə yanaşı, həm də həmin əraziləri cazibə mərkəzinə çevirə bilər. Əlbəttə ki, bunun üçün, əvvəla, həmin həllərin olması lazımdır. “AzInTelecom” da məhz həmin həllərin axtarışındadır. Qeyd etmək istəyirəm ki, ideya hələ də ən qiymətli məfhumdur. Düzdür, bizim qurum olaraq zəngin təcrübəmiz, yüksək peşəkarlığa malik mütəxəssislərimiz var, lakin inkişaf üçün yeni fikirlər vacibdir.
Ümidvaram ki, bu hakaton yeni ideyaların ortaya çıxmasına vəsilə olacaq və mövcud imkanlarımızdan istifadə edərək həmin ideyaların reallaşdırılmasına, işğaldan azad olunan ərazilərimizin inkişafı üçün tətbiqinə nail ola biləcəyik.
- Siz azad olunmuş ərazilərdən danışdınız və məlumdur ki, bu il Azərbaycanda “Şuşa ili” elan olunub. “Smart Qarabağ” Hakatonu “Şuşa ili” çərçivəsində təşkil olunan tədbirdir?
- Maraqlı detala toxundunuz. Bəli, cənab Prezident 2022-ci ili Azərbaycanda “Şuşa ili” elan edib və bununla bağlı tədbirlər planı hazırlanıb.
İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu işlərin faydalı və effektiv olması üçün hər kəsin, hər qurumun potensialını ortaya qoyması vacibdir. Biz də “AzInTelecom” olaraq “Şuşa ili” çərçivəsində fəaliyyət istiqamətimizə uyğun olan tədbirlər görməyi özümüzə borc bildik. Nəticədə “Smart Qarabağ” Hakatonunun keçirilməsi ilə bağlı qərar qəbul olundu.
“TEKNOFEST”in ölkəmizdə təşkil olunması isə hakatonun reallaşdırılması üçün imkanları artırdı. Dünyada, eləcə də ölkəmizdə məşhur olan bu texnologiya festivalının ab-havası, “TEKNOFEST” mühiti “Smart Qarabağ” Hakatonuna marağı daha da artıracaq.
- Bildiyim qədər artıq hakatona qeydiyyat başlayıb. İstərdim ki, qeydiyyat prosesi haqqında məlumat verəsiniz...
- “Smart Qarabağ” Hakatonunda iştirak etmək üçün “Teknofest”in rəsmi səhifəsi – www.teknofest.az ünvanı üzərindən müraciət etmək lazımdır. Müraciətlər 01.04.2022-ci il tarixinədək qəbul olunacaq. 25.04.2022-ci il tarixində isə iştirak hüququ qazananların siyahısı elan olunacaq və 50 saat davam edəcək hakaton elə həmin gün “Bakı Kristal Zalı”nda başlayacaq. Hakaton zamanı iştirakçılar zəruri texniki avadanlıqlar və proqram təminatı ilə təmin olunacaqlar.
- Elxan müəllim, hakatona maraq göstərənlər varmı? Bu günədək neçə müraciət qeydə alınıb?
- Artıq qeydiyyat prosesi başlayıb və müraciət edənlər var. Bu günə olan məlumata görə, 15 komanda və 9 fərdi şəxs qeydiyyatdan keçib. Bu, qısa zaman ərzində əldə edilən nəticədir.
Hakatona böyük maraq göstəriləcəyinə inanıram. Əminəm ki, işğaldan azad olunan ərazilərimizin bərpası, yenidən qurulması üçün innovativ ideyaları olanlar bizə qoşulacaq.
- Siz hakatona maraq göstəriləcəyinə əminliyinizi ifadə etdiniz. Düşünürəm ki, qaliblər üçün təsis edilən mükafatlar cəlbedici ola bilər...
- Əlbəttə ki, mükafat təsis edilib və qaliblər, eləcə də fərqlənənlər mükafatlandırılacaq. Qaliblərin müəyyən olunması üçün meyarlar üzrə qiymətləndirmə həyata keçiriləcək. Qiymətləndirmə və balların bölüşdürülməsi üçün 4 meyar müəyyən edilib:
– Mövzu – 30 %;
– Komanda – 5 %;
– İcra – 50 %;
– İqtisadi səmərəlilik və əhəmiyyət – 15 %.
Qiymətləndirilmə aparıldıqdan sonra nəticələr toplanacaq və ilk üç yerin qalibi yuxarıda qeyd olunan meyarlar əsasında müəyyən ediləcək. Mükafat olaraq isə 1-ci yerin qalibinə 10 000 ABŞ dolları, 2-ci yerin qalibinə 5 000 ABŞ dolları, 3-cü yerin qalibinə isə 3 000 ABŞ dolları veriləcək.
Fərqlənənlər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.
Bununla yanaşı, qeyd etmək istərdim ki, “Smart Qarabağ” Hakatonu iştirakçılara ilk növbədə böyük təcrübə qazandıracaq.
“TEKNOFEST” festivalında, o cümlədən “Smart Qarabağ” Hakatonunda iştirak innovativ ideyası olan hər kəs üçün böyük fürsətdir. Hətta əminliklə deyə bilərəm ki, bu iştirak həmin şəxslərin gələcək karyerasında rol oynayacaq. “TEKNOFEST”də qazanılan təcrübə bəziləri üçün yeni iş imkanları, bəziləri üçün yeni ideyaların yaranması və şəxsi inkişafa səbəb olacaq.
Fürsətdən istifadə edərək innovativ ideyası olan hər kəsə səslənmək istəyirəm və onları “TEKNOFEST”də iştiraka dəvət edirəm.