“Facebook” sosial şəbəkəsi süni intellektin yardımı ilə intihara meyilli istifadəçiləri müəyyən etməyi öyrənib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Facebook” istifadəçilərin statuslarında və onlara yazılan şərhlərdə “həyəcan zəngini” müəyyən etməyi bacaran alqoritm hazırlayıb. Süni intellekt statuslarda ağrı və kədərə dair xatırlatmaları, şərhlərdə isə “Sən yaxşısan?”, “Sənə görə narahatam” kimi ifadələri axtaracaq.
BBC-nin məlumatına görə, mexanizm yardıma ehtiyacı olan insanları müəyyən etmək üçün status və şərhlərini təhlil edəcək, daha sonra isə alınan məlumatı tədqiqatçılar komandasına yollayacaq.
Bu proqram üzərində çalışan şöbənin müdirinin sözlərinə görə, bu tədbirlər sadəcə faydalı deyil, hətta kritik dərəcədə lazımlıdır. Layihə hələlik ABŞ-da çalışır.
“Facebook”dan həmçinin bildiriblər ki, bir neçə psixi sağlamlığın müdafiəsi təşkilatı ilə əməkdaşlıq edirlər. İntihara meyilli istifadəçilər onlarla platforma mesenceri vasitəsilə əlaqə qura bilərlər. Bundan başqa, sosial şəbəkə canlı videoyayım zamanı intihara meyilli istifadəçilərin müəyyənləşdirə bilən mexanizmin yaradılması üzərində də işləyir.
N.О.
www.oxu.az