Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı
Avstraliyanın Melburn şəhərində yerləşən "Cortical Labs" şirkəti laboratoriyada yetişdirilən insan beyninin neyronları ilə işləyən ilk bioloji kompüterini - CL1-i təqdim edib.
Oxu.Az-ın "ABC"yə istinadla verdiyi məlumata görə, bu barədə "Cortical Labs"in elmi rəhbəri Brett Kaqan açıqlama verib.
Onun sözlərinə görə, yüzminlərlə süni şəkildə yetişdirilən neyron qarşılıqlı əlaqə qurma və öyrənmə qabiliyyətinə malikdir. Kaqan "İnsan neyronlarına verilə biləcək tapşırıqları təsəvvür etmək belə çətindir, çünki çox fərqli variantlar mövcuddur. Bu, xəstəliklərin modelləşdirilməsi, dərmanların sınaqdan keçirilməsi və süni intellektin yaradılması kimi bir çox sahəni əhatə edə bilər" , - deyə əlavə edib.
Şirkət qeyd edir ki, "Cortical Labs" tərəfindən yaradılan bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır.
"Lakin onun potensialını tam olaraq istifadəçilər tətbiq etməyə başladıqdan sonra görmək mümkün olacaq. Bu, elmi və tibbi araşdırmalar sahəsində oyunun qaydalarını dəyişdirəcək" , - deyə şirkət vurğulayıb.
Tərtibatçılar bildiriblər ki, CL1 neyron şəbəkələri silisium çipində formalaşır və əslində daim inkişaf edən bir orqanizm kimi fəaliyyət göstərir. Kaqan "Bu qədər sürətlə və çevik şəkildə öyrənə bilən bir sistem yoxdur. Məsələn, "ChatGPT" kimi süni intellekt sistemlərinin çiplərindən tamamilə üstün olduğunu iddia edə bilərik" , - deyə açıqlayıb.
Bioloji kompüter nəzarət olunan temperatur, qazların dövriyyəsi və qarışdırılması üçün nasoslar, materialın saxlanması üçün xüsusi yer və dalğaların filtrasiya edilməsi üçün sadə, lakin sabit avadanlıqla təchiz olunub.
Hazırda "Cortical Labs" bioloji neyron şəbəkələrindən ibarət ilk serveri hazırlayır. Bu server 30 ayrı CL1 modulundan ibarət olacaq. Şirkət serverin yaxın aylarda istifadəyə verilməsini və daha sonra yeni hissələrlə tamamlamağı planlaşdırır. CL1 şəxsi biokompüterlərinin 2025-ci ilin ikinci yarısında satışa çıxarılması gözlənilir. İlk mərhələdə bir blokun qiyməti 35 min dollar olacaq.