"İKT sahəsi ilə bağlı hazırda Azərbaycanda tələbələrin hər hansı resurs çatışmazlığı yoxdur".
Oxu.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Data idarəedilməsi departamentinin müdiri Kamran Ağayev İRİA-nın təşkilatçılığı ilə keçirilən "İKT Karyera Sərgisi"ndə bildirib.
K.Ağayevin sözlərinə görə, tələbələr üçün həm internetdə, həm də dövlət qurumlarının təqdim etdiyi platformalarda geniş və əlçatan resurslar mövcuddur:
"İstənilən mövzu üzrə kitab, məqalə, tədris materialı tapmaq, yükləmək və öyrənmək mümkündür. Gənclərin bilik əldə etməsi üçün real məhdudiyyət yoxdur. Sadəcə olaraq, tələbələr və məzunlar məsuliyyət hiss edib öz üzərlərində davamlı çalışmalıdırlar".
O bildirib ki, tələbələr universitetdə aldıqları təhsillə yanaşı əlavə kurslara da qoşula bilərlər:
"Belə kurslar onları müəyyən səviyyəyə qədər gətirib çıxarır. Lakin əsas məsələ tələbənin və ümumiyyətlə, IT sahəsində çalışan mütəxəssisin özünü dayanmadan inkişaf etdirməsidir".
Kamran Ağayev çıxışında əlavə edib ki, gənclər rəqabətqabiliyyətli olmaq üçün beynəlxalq sertifikatlara yiyələnməli, ixtisasları üzrə kitab və elmi məqalələr oxumağı vərdişə çevirməli və yeni texnologiyalara, innovasiyalara açıq olmalıdırlar.
Məhərrəm Əliyev