Süni intellektlə (Sİ) bir neçə saniyəyə mətn yazmaq, suallara cavab tapmaq, fotoşəkilləri redaktə etmək, dizayn hazırlamaq, hətta kod əldə etmək artıq adi hala çevrilib. Bu texnologiyadan daha rahat və səmərəli istifadə etməyin yollarını öyrədən təlimlər də keçirilir. Şübhəsiz ki, süni intellekt işimizi asanlaşdırır və vaxta qənaət etməyə kömək edir. Ancaq bu rahatlığın başqa tərəfi də var. Bu gün ən sadə sualların cavabını belə özümüz düşünmək və araşdırmaq əvəzinə birbaşa süni intellektdən soruşuruq.
Bəs sualların cavabına bu qədər sürətli və rahat çıxış imkanının zamanla düşünmək və araşdırmaq vərdişlərimizi zəiflətməsi mümkündürmü?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Neyroelm sahəsində geniş yayılmış yanaşmalardan biri "Use it or lose it" ("İstifadə et, yoxsa itir") prinsipidir. Bu yanaşmaya görə, beyin istifadə olunduqca və müxtəlif mürəkkəb tapşırıqların həllinə cəlb edildikcə dəyişir və uyğunlaşır. Problemləri həll etmək, analitik müqayisələr aparmaq və yazmaq kimi fəaliyyətlər zamanı zehni fəal şəkildə işlətmək koqnitiv bacarıqların qorunmasında və inkişafında mühüm rol oynayır.
Əgər beyin istifadə olunduqca inkişaf edən bir sistemdirsə, düşünmə prosesini davamlı olaraq texnologiyaya həvalə etməyin hansı nəticələri ola bilər?

İntellektual müstəqilliyimiz itirilir?
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev bildirib ki, insanların məlumat axtarmaqdan fikir formalaşdırmağa və qərar verməyə qədər bir çox məsələdə süni intellektə müraciət etməsi koqnitiv geriləmə riskini artıra bilər.

"İnsan beyni təbiəti etibarilə enerjiyə qənaət etməyə meyllidir. Əgər biz düşünmək, təhlil aparmaq və məlumatları ümumiləşdirmək əvəzinə hazır cavabları qəbul etməyə alışsaq, beyin bu mürəkkəb əməliyyatları yerinə yetirmək üçün daha az fəal ola bilər. Bu isə müstəqil araşdırma və tənqidi düşünmə qabiliyyətinin zəifləməsi, nəticədə isə intellektual müstəqilliyin azalması riskini yaradır", - deyə ekspert bildirib.
Hazır cavablar yanlış qərarlara apara bilər
Mütəxəssisin fikrincə, insan hər hansı problemi özü araşdırıb həll etmək əvəzinə daim süni intellektdən hazır cavab almağa alışdıqda zamanla intellektual passivlik yarana bilər.
"Problemləri həll etmək üçün lazım olan məlumatları təhlil etmək, məsələyə müxtəlif tərəflərdən baxmaq və məntiqi əlaqələr qurmaq kimi zehni proseslərdən daha az istifadə edildikdə, insan mürəkkəb və qeyri-standart vəziyyətlərdə daha çox çətinlik çəkə bilər. Uzunmüddətli perspektivdə bu, problem həll etmə bacarığının zəifləməsinə və texnoloji sistemlərdən asılılığın artmasına səbəb ola bilər", - deyə F.Musayev qeyd edib.
O, istifadəçinin süni intellektin verdiyi cavabları araşdırmadan qəbul etməsinin yanlış məlumatların yayılması riskini artırdığı barədə də xəbərdarlıq edib.
"Süni intellekt modelləri bəzən "hallüsinasiya" adlanan hal nəticəsində tamamilə uydurma, lakin çox inandırıcı görünən məlumatlar təqdim edə bilər. Araşdırma aparmadan bu cavabları qəbul etmək yanlış məlumatların həqiqət kimi qəbul edilməsinə, səhv qərarların verilməsinə, eləcə də ciddi sosial və ya fərdi fəsadlara yol aça bilər", - deyə ekspert vurğulayıb.

Yalnız bu halda texnologiya bizi zəiflətməyəcək
İT ekspertinin fikrincə, süni intellektdən istifadənin rahatlıq, yoxsa asılılıq yaratmasını onun hansı məqsədlə və necə istifadə edilməsi müəyyənləşdirir.
"Əgər siz süni intellektdən işinizi sürətləndirmək, gündəlik təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və ya yeni ideyalar əldə etmək üçün bir vasitə kimi istifadə edirsinizsə, bu, rahatlıqdır. Lakin süni intellektin verdiyi məlumat olmadan mövzunu anlamaq, təhlil etmək və ya qərar vermək qabiliyyətiniz zəifləyirsə, bu, artıq asılılıq riskindən xəbər verə bilər.
Süni intellekt sizin köməkçiniz olmalıdır, rəhbəriniz deyil. Onu "cavab verən alət" kimi deyil, "fikir yoldaşı" kimi görməliyik. Ondan birbaşa nəticə almaq üçün deyil, mövzuya fərqli perspektivlərdən baxmaq, fikirləri strukturlaşdırmaq və ideyaları süzgəcdən keçirmək üçün istifadə etmək daha məqsədəuyğundur. Yalnız bu halda texnologiya bizi zəiflətməyəcək, əksinə, imkanlarımızı genişləndirəcək", - deyə F.Musayev bildirib.

Hazır cavablar araşdırmaq vərdişini zəiflədə bilər
Klinik neyropsixoloq Nəzrin Tağızadə hesab edir ki, əsas risk insanın düşünmə bacarığının bir hissəsini tədricən süni intellektə həvalə etməsidir.
"İnsan bir problemi həll edərkən sadəcə cavab tapmır. O, məlumatları xatırlayır, diqqətini yönəldir, fərziyyələr irəli sürür, müxtəlif ehtimalları müqayisə edir, səhv edir, yenidən düşünür və nəticəyə özü gəlir. Məhz bu proseslər mürəkkəb düşünmə və problem həll etmə bacarıqlarının inkişafına xidmət edir.
Süni intellekt isə bu prosesin böyük hissəsini saniyələr ərzində bizim əvəzimizə həyata keçirə bilir. Bu, işi asanlaşdırır, amma hər asanlıq koqnitiv inkişafımızı dəstəkləmir. Əgər insan əvvəlcə özü düşünür, sonra süni intellektdən fikrini yoxlamaq və daha geniş məlumat əldə etmək üçün istifadə edirsə, texnologiya faydalı köməkçiyə çevrilir. Amma insan problemi özü təhlil etmədən birbaşa süni intellektdən cavab alırsa, nəticəni əldə etsə də, həmin nəticəyə aparan düşünmə prosesində zehni daha az iştirak edir.
Elmi ədəbiyyatda bu proses "cognitive offloading" - koqnitiv yükün xarici vasitələrə ötürülməsi kimi izah olunur. Yəni təhlükə süni intellektin insan beynini birbaşa zəiflətməsi deyil, insanın beyninin özü yerinə yetirməli olduğu işi getdikcə daha çox xarici sistemlərə həvalə etməsidir", - deyə N.Tağızadə bildirib.
Mütəxəssis qeyd edir ki, hazır cavablara alışmaq insanın sual vermək, araşdırmaq, müqayisə etmək və nəticəyə özü gəlmək vərdişlərini də zəiflədə bilər.
"İnsan özü araşdırma apardıqda müxtəlif mənbələrə baxır, bir-birinə zidd məlumatlarla qarşılaşır, onları müqayisə edir və hansı nəticənin daha əsaslandırılmış olduğunu müəyyənləşdirir. Bu proses tənqidi düşünməni inkişaf etdirir. Hazır cavab isə həmin mərhələlərin bir hissəsini aradan qaldıra bilər", - deyə neyropsixoloq əlavə edib.

Süni intellektdən istifadə edin, amma düşünmək bacarığınızı ona həvalə etməyin
Neyropsixoloqun sözlərinə görə, asılılığın əsas göstəricilərindən biri insanın süni intellekt olmadan düşünmək və qərar vermək qabiliyyətinin zəifləməsidir.
"Məsələn, insan ən sadə məsələlərdə belə əvvəlcə süni intellektə müraciət edirsə, öz fikrini formalaşdırmağa səbir göstərmirsə, süni intellektin cavabı olmadan qərar verməkdə çətinlik çəkirsə, aldığı məlumatı özü izah edə bilmirsə və cavabı yoxlamaq ehtiyacı hiss etmirsə, burada artıq sadəcə rahatlıqdan deyil, koqnitiv asılılıq riskindən danışmaq mümkündür.
Özümüzə bu sualı verməyimiz vacibdir: "Süni intellekt olmasa, mən bu problemi özüm həll etməyə çalışardım?" Əgər cavab getdikcə "xeyr"ə çevrilirsə, bu, diqqət yetirməli olduğumuz siqnaldır.
Burada çox incə bir sərhəd var. Süni intellekt düşünməyimizi dəstəklədikdə alət rolunu oynayır, bizim əvəzimizə düşündükdə isə koqnitiv funksiyalarımız üçün risk yaradır. Süni intellektdən istifadə edin, amma düşünmək bacarığınızı ona həvalə etməyin. Çünki gələcəyin əsas problemi süni intellektin insanlardan daha ağıllı olması deyil, insanların özlərinin düşünmək üçün getdikcə daha az səy göstərməyə alışması ola bilər", - deyə N.Tağızadə vurğulayıb.
Elmi araşdırmalar nə deyir?
Dünyanın aparıcı tədqiqat mərkəzlərində süni intellektin insanın düşünmə, öyrənmə və yaradıcılıq proseslərinə təsiri araşdırılır.
"MIT Media Lab" tərəfindən aparılan araşdırmada süni intellektdən istifadə edən iştirakçıların beyin fəaliyyəti, yaddaşı və tapşırıqların icrası ilə bağlı nəticələri digər qruplarla müqayisə edilib. Araşdırmanın nəticələri süni intellektdən istifadə edən qrupda düşünmə və yaddaşla bağlı bəzi göstəricilərin daha aşağı olduğunu göstərib.
Stanford Universitetində 117 tələbənin iştirakı ilə aparılan araşdırmada isə süni intellektin öyrənmə prosesinə təsiri öyrənilib. Nəticələr bu texnologiyadan istifadənin metakoqnitiv proseslərə mənfi təsir göstərə və ondan asılılıq riskini artıra biləcəyini göstərib.