2014-cü ildə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri, 2013-cü illə müqayisədə 5,7% artaraq 181 milyon manata çatıb.
Xərclər (147,1 milyon manat) 1,1% artıb, 33,9 milyon manat mənfəət əldə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin ( DSK) 2015-ci ilin I rübü üzrə statistik göstəricilərində deyilir.
Komitənin məlumatına görə, ötən il xidmət haqları 2,2% bahalaşıb. Xərclərin çoxu əmək haqları və sosial ayırmaların (31,3% və 7,2%), mal alınması və yemək və içki hazırlanması (16%), amortizasiya ayırmalarının (8,9%) payına düşüb. Bu sektorda 9 min nəfər (+750 nəfər) çalışır, orta maaş 425,6 manatdır.
2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. Bu, əvvəlki ildəkindən 0,9% çoxdur. Müraciətlərin 58,4%-i əcnəbilərin (392,8 min nəfər) payına düşür. Bunlar əsasən Britaniya, RF, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya və s vətəndaşlarıdır. Ötən il gələn turistlərin 73,2%-i otel xidmətindən istifadə edib.
Otellərdə gecələmə sayı 1 687,7 min adam /gün təşkil edib. Bu, 2013-cü ildəkindən 0,8% çoxdur. Bunun 64,1%-i Bakının payına düşür. Azərbaycan otellərinin ümumi yüklülüyü 13% təşkil edib.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edənlərin əsas hissəsi (81,9 %-i) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 43,1 %-i istirahət və əyləncə, 37,5 %-i işgüzar, qalanları isə digər turizm məqsədilə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan MR, Xaçmaz, Quba, Şəki, Şamaxı, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qax rayonlarına (şəhərlərinə) səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub.
Xatırladaq ki, 2015-ci ilin yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 17 min 363 (+4,9%) nömrənin olduğu 535 mehmanxana və mehmanxana tipli obyekt var. Onların təxminən 70%-i Bakıda yerləşir. Bu mehmanxanalar eyni vaxtda 35 min 652 adam qəbul edə bilir.
Ülviyyə R.Əli
www.oxu.az