"Büdcə sistemi haqqında" və digər qanunvericilik aktlarına uyğun olaraq, "Dövlət sosial müdafiə fondu"nun və "İşsizlikdən sığorta fondu"nun 2026-cı il üçün büdcə layihələri hazırlanıb. Müvafiq layihələr növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı, məşğulluq imkanları, demoqrafik vəziyyət və əmək ehtiyatları proqnozlarına əsaslanaraq tərtib edilib".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Dövlət sosial müdafiə fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705.7 milyon manat və ya 9.3% çoxdur.
Fondun 2026-cı il üçün gəlirlərinin 79.2% və ya 6.6 milyard manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593.7 milyon manat və ya 10% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2.1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4.5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir. Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3.6% və ya 73.4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13.1% və ya 520.3 milyon manat artımla proqnozlaşdırılıb", - nazir bildirib.
O əlavə edib ki, 2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş məbləğdən 100 milyon manat və ya 6.3% çoxdur:
"Onu da qeyd etmək lazımdır ki, dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20.4%-ə düşməsi proqnozlaşdırılır. Növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir.
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96.6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203.6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür".
Mərahim Nəsib