"Azərbaycan hökumətinin 2022-26-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur".
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının gələn ilin dövlət büdcəsi layihəsinə verdiyi rəydə əksini tapıb.
Sənəddə bildirilir ki, kənd təsərrüfatında ortaillik artım hədəfə tam nail olunmayacağını deməyə əsas verir.
Qeyd edək ki, aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2.2 dəfə, 1 hektara düşən subsidiya 2.4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12.2% azalıb.
2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484.5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41.6 mln. manat və ya 9.4% çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9.4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0.1 faiz bəndi olması gözlənilir.