Avropa İnvestisiya Bankı Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib. Qərar bankın Direktorlar Şurası tərəfindən verilib.
Qeyd edək ki, layihənin ümumi dəyəri 4,5 milyard avro təşkil edir. Kəmərin tikintisinin 2020-ci ildə tamamlanması nəzərdə tutulur.
Oxu.Az-a AİB-in qərarını şərh edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, TAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir və Cənubi Qafqaz Boru Kəmərinin, eləcə də, TANAP-ın davamıdır:
“TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya daşıyacaq yeganə xətdir. “Şahdəniz-2” layihəsi çərçivəsində 16 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Bunun altı milyard kubmetri TANAP vasitəsilə Türkiyəyə veriləcək. Yerdə qalan həcm Avropaya ancaq TAP vasitəsilə ötürüləcək.

TAP üzrə işlərdə ləngimə var idi. Belə ki, “Şahdəniz-2” vasitəsilə həyata keçirilən Trans-Anadolu qaz boru kəmərinin inşası üzrə işlər, demək olar ki, yekunlaşıb. Avropa maliyyə qurumlarının bu layihəyə maraq göstərməsi siyasi dəstəyin varlığından xəbər verir. İtaliyada müxtəlif qurumların, dövlətlərin oyunlarına siqnal göndərilmiş olur”.
E.Soltanov deyir ki, Avropa İnvestisiya Bankının qərarı konsersium üzvləri, eləcə də, Azərbaycan üçün çox müsbətdir:
“TAP-ın reallaşdırılması Azərbaycan qazının Avropa bazarına çıxışı deməkdir. TAP Avropada ümumi istehlakın iki faizini, bəzi ölkələrdə 20-30 faizini qarşılayacaq. Layihə Azərbaycan üçün gəlir qaynağı, Avropa ölkələrindən siyasi dəstək vəd edir.
Eləcə də, ölkəni Avropanın enerji təhlükəsizliyi xəritəsində önəmli faktora çevirir, başqa layihələrdə istifadə edə biləcəyi siyasi, diplomatik təcrübələr qazandırır”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ötən il Avropa İnvestisiya Bankının Direktorlar Şurası TAP üzrə kredit xəttinin açılması ilə bağlı məsələyə baxaraq, ilkin müsbət rəyini bildirmişdi:
“Avropa enerji kommisiyasının vitse-prezidenti bir neçə dəfə qeyd edib ki, TAP enerji layihələri arasında Avropanın Enerji Komissiyasının prioritet hesab etdiyi layihələr sırasındadır. Buna görə də Avropanın maliyyə yardımlarından, güzəştli kreditlərindən istifadə edə bilər.

Avropa İnvestisiya Bankının ayırdığı 1,5 milyard avro da bu dəstəkdən irəli gəlir”.
İ.Şaban kredit xəttinin açılmasının Azərbaycanın xarici borclanmasının artımı kimi qiymətləndirilməsi ilə razılaşmır:
“Bu, Dövlət Neft Şirkətinə verilən kredit deyil. Trans-Adriatik Boru Kəməri Konsorsiumuna ümumilikdə verilən kreditdir.
Nəzərə alsaq ki, boru kəmərinin dəyəri 4,5 milyard avrodur, Dövlət Neft Şirkətinin burada payı 900 milyon dollar təşkil edir”.
Ekspertin sözlərinə görə, infrastruktur layihələrinə kreditlər çox sərfəli şərtlərlə ayrılır:
“Kreditlər ən aşağı 15 il müddətinə 0,8 faiz dərəcəsi ilə verilir”.
Layihənin əhəmiyyətinə toxunan İ.Şaban qeyd edir ki, TAP-ın gerçəkləşdirilməsindən sonra Azərbaycan Avropa bazarına 10 milyrad kubmetrə qədər qaz çıxaracaq:
“2020-ci ildə Azərbaycan Avropada təqribən altı milyard kubmetr qaz sata bilər. 2021-ci ildə bu həcmlər 10 milyard kubmetr civarında proqnozlaşdırılır.
Qaz satışından ancaq Avropa bazarında üç milyard dollar əldə etmək çox böyük nailiyyət sayıla bilər. Çünki bunun yarısı qədər də Türkiyə bazarından gələcək. Deyilənlər ancaq “Şahdəniz-2” layihəsi üçündür, özü də kondensat satışları nəzərə alınmadan.
Əgər “Şahdəniz-1” və ümumi kondensat ixracını da nəzərə alsaq və neftin orta qiymətini 70 dollar ətrafında götürsək, təkcə kondensat ixracı üç milyard dollar edər və “Şahdəniz-1” də əlavə iki milyard dollar”.
L.Əliyeva
www.oxu.az