Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan-İraq Biznes Şurası yaradılıb
Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib. Bu ilin yanvar-iyul aylarında Azərbaycan-İraq ticarət dövriyyəsində 49%-lik artım qeydə alınıb. Bu gün 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu şirkətlərin İraqda fəaliyyəti üçün yeni imkanlar açır. İqtisadiyyat naziri ölkəmizin nəqliyyat-tranzit imkanları, sənaye zonalarında yaradılmış şərait, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq edilən güzəştlərlə bağlı məlumat verib.
İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib. Nazir ölkəsində geniş iqtisadi islahatların aparıldığını və əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və İraq işgüzar dairələri arasında əlaqələrin önəmini qeyd edib, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İraqın Ticarət Palataları Federasiyasının prezidenti Əbdülrəzaq Əl-Zuheyri təmsil etdiyi qurumun fəaliyyəti, İraqın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə Agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində İraqın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
İraq-Azərbaycan Biznes Şurasının sədri Məhəmməd Əl-Davudi işgüzar dairələr arasında keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsindəki əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə nəqliyyat-logistika və digər sahələr üzrə müəyyən anlaşmaların əldə edilməsinin vacibliyini qeyd edib.
Forumda biznes nümayəndələri arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektorda, ticarət, enerji və turizm sahələrində əməkdaşlıq potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Azərbaycan - İraq biznes forumu çərçivəsində KOBİA ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədi imzalanıb. Biznes Şuranın sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət imkanlarının artırılması istiqamətində mühüm addım olacağı qeyd olunub.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb.
"Report" xəbər verir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.
Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.
"Azərbaycanla İraq arasında Biznes Şurasının yaradılması nəzərdə tutulur".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda bildirib.
Onun sözlərinə görə, Şura iki ölkənin kiçik və orta biznes (KOB) subyektləri arasında əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olacaq.
Nazir qeyd edib ki, ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir. O əlavə edib ki, ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüskar və iştirakçı olduğu regional və dünya əhəmiyyətli layihələr, Orta Dəhlizin təqdim etdiyi əməkdaşlıq potensialı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qarşılıqlı faydalı tərəfdaşlığa əlavə imkanlar açır.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası isə investorlar cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmət istehsalını təşkil etməyə, ölkənin tranzit imkanlarını genişləndirməyə, yükdaşımaları artırmağa başlayıb.
"İşğaldan azad olunmuş ərazilərin inkişafına özəl sərmayələrin cəlb edilməsini fəal şəkildə təşviq edirik və bu ərazilərdə əlverişli investisiya iqlimi yaradılıb. İşğaldan azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim etmişik. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub", - deyə M.Cabbarov əlavə edib.
İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə birlikdə #Azərbaycan – #İraq #biznesforum-unda iştirak etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 17, 2024
Ölkələrimizin #biznes nümayəndələri arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektorda, #ticarət, #enerji və turizm sahələrində əməkdaşlıq potensialının… pic.twitter.com/5qqdRCEKsz
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb