Azərbaycan və Fransa şirkət və strukturları Azərbaycan-Fransa biznes forumunun nəticələrinə görə 12 may tarixində Bakıda 11 sənəd imzalayıblar.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, əsasən: “Azərbaycan-Fransa ticarət-sənaye palatası” İctimai Birliyinin təsis sazişi; Azərkosmos və Airbus Defence and Space arasında nəzarət xidməti sahəsində əməkdaşlıq barəsində memorandum; “Azərsu” ASC və fransız Suez Environnement nou-xau və texniki yardım üzrə praktiki tədris haqqında müqavilə; Air liquide və Sumqayıt kimyəvi sənaye parkı arasında əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
İmzalanan bir sıra ikitərəfli sənədlər nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur. Əsasən Bakıya Iveco Frans şirkətinin avtobuslarının gətirilməsi və Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Alstom Transport şirkətinin yük lokomotivlərinin alınması barədə müqavilələr imzalanıb.
Bakı Metropoliteni Bouygues Travaux Publics şirkəti ilə “28 May” metrostansiyasının rekonstruksiyası barədə və “Xətai-Həzi Aslanov” Bakı Metropolitenində yaşıl xəttin tikilməsi üzrə memorandum; Thalys şirkəti ilə tədqiqatlar və tədris-təcrübə sahəsində əməkdaşlıq və ilkin təcrübələr haqqında memorandum; Alstom Transport şirkəti ilə təchizat üzrə müqavilələr barəsində memorandum imzalanıb.
Bundan başqa, Tovuz və Konyak şəhərləri arasında qardaşlıq münasibətləri haqqında müqavilə, Azərbaycanın Gəncə, Şəmkir, Göygöl və Balakən rayonlarının Burqundiya əyalətinin Yon vilayəti arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanıb.