Bu ay Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan yaranan keyfiyyət itkisinə görə sığorta ödənişi həyata keçirilib.
Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun Kəbirli kəndində yerləşən "Aqropat" MMC-yə məxsus meyvə bağları 2025-ci ilin may ayında yağan dolu səbəbindən həm miqdar, həm də keyfiyyət itkisi ilə üzləşib.

Hadisə barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertləri göndərib. Ekspertlərin apardığı araşdırmalar nəticəsində bağa dəymiş zərərin xarakteri və həcmi müəyyən edilib və təsdiqlənib ki, dolu nəticəsində həm məhsul itkisi, həm də keyfiyyət itkisi baş verib. Hesablamalara əsasən, təsərrüfata ümumilikdə 321 min 602 manat məbləğində sığorta ödənişi təyin olunub. Bu, bu günə qədər fond tərəfindən meyvə bağlarına ödənilən ən böyük məbləğ olmaqla yanaşı, doludan keyfiyyət itkisi üzrə həyata keçirilən ilk sığorta ödənişidir.

Təsərrüfat nümayəndələri aqrar sığorta mexanizmindən məmnunluqlarını ifadə edərək fermerləri öz bağlarını və əkin sahələrini sığortalamağa çağırıblar. "Aqropat" MMC-nin baş aqronomu Asif Zeynalov bildirib ki, təsərrüfatın yerləşdiyi ərazi iqlim baxımından risklidir və sığorta onların əsas təhlükələrdən qorunmasına imkan yaradıb.
Ümumilikdə Aqrar Sığorta Fondu indiyədək meyvə bağlarına 1.5 milyon manat sığorta ödənişi həyata keçirib. Fond hazırda 41 növ bitki və bitki məhsulunu sığortalayır, onların təqribən 20-si meyvə bağlarına aiddir. Meyvə bağları dolu, qasırğa, fırtına, sel, daşqın, leysan, şaxtavurma, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu nəticəsində keyfiyyət itkisi və digər risklərdən qorunur. Həmçinin bağlar bitki xəstəlikləri, zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması, zəlzələ və torpaq sürüşməsi kimi təbii risklərdən də sığortalanır. Dövlətin təqdim etdiyi 50%-lik güzəşt sayəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyir.

Aqrar Sığorta Fondu bildirir ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb və fermerlər ASF-nin rəsmi internet səhifəsindəki "Bitkiçilik kalkulyatoru" vasitəsilə sığorta haqlarını müstəqil şəkildə hesablaya bilərlər. Sığorta şərtləri və tarifləri barədə ətraflı məlumat fondun rəsmi internet səhifəsində mövcuddur. Əlavə suallar üçün fondun sosial şəbəkə hesablarına və 1 651 qısa nömrəsinə müraciət etmək mümkündür.

