2015-ci ilin I yarısında Azərbaycan 19 milyon 608.16 min dollar dəyərində sement idxal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 38 milyon 380,91 min dollar və ya 66,1% azdır.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ötən ilin 6 ayında Azərbaycan 57 milyon 989.07 dollar dəyərində sement idxal etmişdi.
DGK bildirib ki, sement idxalının 2015-ci ilin ilk 6 ayında ümumi idxalda payı 0,42% olub. Ötən ilin analoji dövründə isə bu göstərici daha çox 33.81% idi.
Bundan əlavə, Dövlət Statistika Komitəsinin(DSK) məlumatına görə, Azərbaycan 2015-ci ilin ilk 6 ayında 1 milyon 393,4 min ton sement istehsal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 0,6% çoxdur.
DSK bildirib ki, 2015-ci ilin iyulun 1-nə olan hazır məhsul ehtiyatı isə 66,2 min ton təşkil edib.
Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Azərbaycan hökuməti 2015-ci ildə sementə olan daxili tələbatını tamamilə yerli istehsal hesabına ödəyəcək.
Xatırladaq ki, 2013-cü ildə “Norm” sement zavodu sement dəyirmanı bölməsi işə salınmış, ilk sement istehsal edilmişdi. Bundan başqa, Akkord tikinti şirkətinin istehsal etdiyi tikinti materialları arasında sement də yer alır.
2012-ci ildən başlayaraq isə Naxçıvan Muxtar Respublikasında sement zavodu fəaliyyət göstərir. Holcim Azərbaycan (Qaradağ Sement Zavodu) isə istehsal gücünü artırıb.
Ülviyyə R. Əli
www.oxu.az