Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti ölkənin şimal rayonlarında davam etdiriləcək.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada cari il sentyabrın 11-də Xızı, Siyəzən, Şabran və Xaçmaz, sentyabrın 12-də isə Quba və Qusar rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək.
“Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidməti göstəriləcək 242 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb”, - məlumatda deyilir.
Həmin şəxslər lazım gəldikdə müxtəlif reabilitasiya vasitələri ilə də təmin ediləcəklər. Bununla da ölkənin şimal rayonlarında yaşayan belə şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilmək üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-n üzrə müvafiq Əmrə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar bu vaxta qədər 20-ədək rayon üzrə 350 nəfərdən çox əlil şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.
Gülnarə Zeynalova
www.oxu.az