Hər il yeni tikilmiş binalarda təmirli mənzillərə tələbat tendensiyası artır. Əhalinin gəlirlərinin artması ilə əlaqədar olaraq, təmirli mənzillərə də tələbat yüksəlir.
Varlı insanlar təmirə vaxt sərf etmək istəmir və elə birdəfəlik təmirli mənzil alırlar. 5-6 il əvvəl təmirli mənzillərə tələbat 2-3% təşkil edirdisə, bu gün bu rəqəm 8-10%-ə bərabərdir.
Oxu.Az xəbər verir ki, bu barədə Exo-ya MBA Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, alıcılar əsasən təmirsiz mənzillərə üstünlük verirlər. İş ondadır ki, mənzilə ehtiyacı olan bir çox vətəndaşlar ucuz mənzillər axtarırlar. Qeyd etmək lazımdır ki, təmirli mənzilin kvadrat metrinin qiyməti təmirsizdən 300-600 dollar bahadır. İbrahimovun əvvəllər bildirdiyinə görə, Azərbaycanda yeni tikilmiş binalarda mənzilləri əsasən təmirsiz təhvil verirlər.
Lakin 2-3 inşaat şirkəti var ki, alıcının istəyindən asılı olaraq, mənzili təmir edib sata bilərlər – lakin daha baha qiymətə. Onun sözlərinə görə, tikinti şirkətləri iki səbəblə əlaqədar mənzilləri təmirsiz təhvil verirlər. Əvvəla, tikinti şirkətlərinin nümayəndələri manver etmiş olurlar – marketinq siyasətinə əsasən, alıcılara təmirsiz mənzili təmirli mənzillə müqayisədə guya daha ucuz qiymətə təklif edirlər. İkincisi, onlar alıcılara təmiri öz zövqünə uyğun həyata keçirməyi təklif edirlər.
Ekspert bildirib ki, bizim alıcılar da əsasən təmirsiz mənzillər almağa üstünlük verirlər, çünki bu, daha sərfəlidir. Çünki tikinti şirkətlərinin nümayəndələri ilə müqayisədə insanlar özləri təmiri daha ucuz və keyfiyyətli edə bilərlər. Alıcılar təmirə daha məsuliyyətlə yanaşırlar – yaxşı ustalar, daha keyfiyyətli materiallar seçirlər. Tikinti şirkətlərinin nümayəndələri isə bunu mümkün qədər ucuz, tez və əlbəttə ki, keyfiyyətsiz həyata keçirmiş olurlar.
Qeyd etmək lazımdır ki, alıcılar mənzili yaxşı təmir edərək, hər kvadrat metr üçün cəmi 200-250 manat xərcləyə bilərlər. Tikinti şirkətləri isə təmirin hər kvadrat metri üçün təxminən 300 manat pul istəyirlər.
Ekspertin bildirdiyinə görə, yeni tikilmiş binalarda mənzillərin qiyməti hər kvadrat metr üçün 430 manatdan 3500 manatdək dəyişir, bəzən isə kvdrat metro 200-250 manat olan mənzillərə də rast gəlmək olar. Lakin bu o halda baş verir ki, mənzilin sahibi təcili getməlidir və qısa vaxtda evini satmaq istəyir.