Mənzil-qərargahı Sinqapurda yerləşən “Pan Pacifics Hotels Group” şirkəti azərbaycanlı menecer İlkin İlyaszadəni korporativ idarəetmə üzrə vitse-prezident təyin etdiyini açıqlayıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İ.İlyaszadə Asiya-Sakit okean hövzəsi regionunda 30-dan çox beşulduzlu otelə və istirahət kompleksinə malik olan “Pan Pacifics Hotels Group”da bu mühüm vəzifəyə təyin edilməzdən əvvəl 13 il ərzində Asiya regionunda otel biznesində işləyib.
Onun Azərbaycan, Maldiv adaları, Şri-Lanka, Tailand, İndoneziya, Kanada və Sinqapurda otel idarəçiliyinə dair böyük təcrübəyə malik olduğu bildirilir.
İlkin İlyaszadə bu yaxınlaradək İndoneziyanın Bali adasında yerləşən “Four Seasons Resort” kompleksində kurort meneceri işləyib. Söhbət Asiya-Sakit okean regionunun ən iri kurort şirkətlərinin birindən gedir. Bu şirkətin 700-dən çox əməkdaşı var.
O vaxta qədər isə İ.İlyaszadə 8 il Şri-Lanka və Tailanda “Banyan Tree Hotels and Resorts” şirkətində əməliyyatlar üzrə baş menecer işləyib. Onun 20-dən çox ölkədə korporativ idarəetmə və insan resursları ilə iş üzrə təcrübəsi var.
“Yüksək strateji düşüncəyə, biznesin idarə edilməsində yüksək standartlara və effektiv metodlara əsaslanan İlkinin vitse-prezident təyin edilməsi bizim idarəetmə komandamız üçün olduqca faydalı olacaq” - deyə “Pan Pacifics Hotels Group”un rəhbəri Bernold Şröder bildirib.
İlkin İlyaszadə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisadiyyat fakültəsini bitirib və bakalavr dərəcəsi alıb, sonra təhsilini Britaniyanın Kolumbiya Universitetində davam etdirib və magistr dərəcəsi qazanıb. Daha sonra Harvard Biznes Məktəbində məqalələrlə çıxış edib.