İlkin olaraq vurğulamaq istərdim ki, Azərbaycan ərazi olaraq kiçik bir ölkədir və əhalinin böyük hissəsi paytaxtda məskunlaşdığı üçün burada ciddi bir sıxlıq müşahidə edilir. Buna müvafiq olaraq paytaxtımızda pulun xərclənəcəyi yerlərin sayında da son dövrdə ciddi bir artım nəzərə çarpmaqdadır.
Alıcılıq qabiliyyətinə görə Azərbaycan əhalisi aşağıdakı seqmentlərə ayrılır:
1. Lyuks (əlçatmazlar, 3%)
2. Premium (varlılar, 7%)
3. Orta seqment (10%)
4. Orta-aşağı seqment (30%)
5. Aşağı seqment (40%)
6. İmkansızlar (10%)
Orta və orta-aşağı seqmentə mənsub əhalini analiz etdikdə görürük ki, onlar özlərindən bir üst təbəqəyə aid olan insanları təqlid etməyə çalışırlar. Məsələn, onların sosiallaşdığı məkanlarda olmaq, onların istifadə etdiyi brendlərdən istifadə etmək, onlar kimi görünmək, davranmaq və s. Bu istəklərin qısa zaman aralığında həyata keçirilməsi mümkündür, amma müəyyən müddətdən sonra bu addımlar gəlir tarazlığının pozulmasına səbəb olmaqla büdcə çatışmazlığına yol açır.
Bütün bunlar da öz növbəsində insanları növbəti addımlara sövq edir:
1) Depressiya - insanlar çox vaxt ağır psixoloji sarsıntı keçirir və depressiyaya zəmin yaranır (bu hal böyük miqdarda pulun gəlib, qısa vaxt ərzində yox olması zamanı baş verir).
2) Nəfslərinə güc gələ bilməyənlər kreditə müraciət edirlər ki, bu da tamamilə yanlış bir addımdır (bataqlıqda nə qədər çox hərəkət etsən, o qədər tez batacaqsan).
3) Saxta yaşamağı sevən insanlar inadçı və “ağıllı” insanlardır ki, bunlar üçün ölkəmizdə münbit şərait var (saxta brendlər, özünü göstərmə, gözdən pərdə asma və s.).
4) İntellekt səviyyəsi, düşünmə və qərarvermə qabiliyyəti yüksək olanlar, psixoloji vəziyyəti yerində olanlar, israfçılıq etdiklərini anlayıb geri çəkilirlər və bir daha belə səhvlərə yol vermirlər;
5) Cinayətə meyillik (oğurluq);
Məsələyə bir də sosial tərəfdən baxaq. Bütün bu sinif insanlar bir-birləri ilə iç-içə yaşadıqları üçün tarazlıq prinsipi pozulur və insanların psixoloji zəiflikləri meydana çıxır. Maddi psixoloji sarsıntı zamanı insan düşünmə və qərarvermə qabiliyyətini itirir və aşağıdakı fəsadlar yaranır:
1. Ümidsizlik;
2. Qısqanclıq;
3. Acgözlülük;
4. Özünəqəsd;
Sonda qeyd etmək istərdim ki, “Azərbaycanlılar nə üçün pullarını düzgün xərcləyə bilmirlər?” sualına cəm şəkildə deyil, insanları mənsub olduğu siniflərə ayıraraq cavab vermək daha məqsədəuyğundur. Əhalinin təhsil səviyyəsi, dünya görüşü, mənəviyyatı nə qədər çox artarsa insanlar öz ehtiyaclarını düzgün analiz edə biləcəklər və “ayaqlarını yorğanlarına görə uzadacaqlar”.
İnsanların bir-birlərinin bəhsinə etdikləri aqressiv davranışlar həm ölkənin “keyfiyyət”ini aşağı salmaqda, həmçinin korrupsiya və cinayət hallarının artmasına səbəb olmaqdadır. Əgər bir insan istəklərini sivil yollarla həyata keçirə bilmirsə o zaman ya rüşvət, ya da kobudluqla bunu edir. Bu da birbaşa olaraq ölkənin inkişafına neqativ təsir edir. Bu məsələlərə dövlət xüsusi diqqət ayırmalı, təhsil və dünya görüşünün artması üçün sosial-maarifləndirici layihələr həyata keçirməlidir.
İnsanlar da bu işdə diqqətli olmalıdırlar, hər ailə bir dövlətdir, bu kiçik dövlətin maliyyə işlərinə nəzarət edən bir şəxs olmalıdır. Həmin şəxs ailənin ümumi gəlirini hesablayıb, xərclərini düzgün bölüşdürməlidir. Ümumiyyətlə, kredit kartlarının sayı azaldılmalı və onlardan istifadə minumuma endirilməlidir. Aylıq xərclər qabaqcadan təyin olunmalıdır. İstifadə olunacaq məhsulların aylıq, həftəlik, günlük siyahısı hazırlanmalıdır – əgər alınacaq məhsulların sayı və çeşidi çoxdursa topdan alış-veriş yerlərinə gedərək büdcəyə qənaət etmək olar. Hər kəs bütün qida və qeyri-qida məhsullarından ehtiyacı qədər tədarük etməlidir. Bu israfın qarşısını almaqla siz yenə də büdcənizi artırmış olacaqsınız. Əgər bu gün var alıb soyuducunu və yaxud da qarderobu doldururuqsa, səhəri gün hər hansısa xoşagəlməz hadisə zamanı bizə təcili pul lazım olduqda, məcburiyyətdən ya kimdənsə borc alırıq, ya da banklara üz tuturuq. Hər iki halda maddi və mənəvi sıxıntı yaşamamaq üçün mütləqdir ki, büdcəni nəzarətdə saxlayıb, ehtiyaclarımızı düzgün analiz edərək pul xərcləyək.
Ekspert Marketoloq, Pərakəndə və Xidmət sahələri üzrə Biznes Consultant, Tural Abdullayev.
www.oxu.az