“Azəriqaz” İstehsalat Birliyinin tərkibindəki layihə konstruktur bürosu ləğv olunub.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, qaz çəkilişlərinin layihələndirilməsi işinə baxan büroda çalışan 250-yə yaxın işçinin aqibəti hazırda sual altındadır.
Qeyd edək ki, Layihə konstruktur bürosu əvvəllər “Azəriqaz” QSC-nin tərkibində institut kimi fəaliyyət göstərib. “Azəriqaz” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxilinə istehsalat birliyi kimi daxil edildikdən sonra Layihə İnstitutu büroya çevrilib.
Bununla da fəaliyyəti məhdudlaşdırılan büronun önəmi də aşağı düşmüş oldu. Bu, özünü həmçinin işçilərin əməkhaqlarında da göstərməyə başladı.
3 ay əvvəl isə Layihə konstruktor bürosunda attestasiya keçirilib və büronun 50-dək əməkdaşı attestasiyadan keçə bilmədiyi üçün ixtisara salınıb. Artıq bir həftədir ki, ümumiyyətlə, büro ləğv edilib və orda çalışan 250 işçinin taleyi bilinmir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev açıqlamasında SOCAR-ın müvafiq əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin Layihə konstruktor bürosunun ləğv olunduğunu təsdiqlədi.
Onun sözlərinə görə, məqsəd “Azəriqaz” İstehsalat Birliyinin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır:
“Azəriqaz”ın idarəetmə aparatında layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən başqa bir struktur bölmə yaradılır”.
A.Ağayevin sözlərinə görə, işçilərin ixtisara salınması barədə deyilənlər yanlış məlumatdır:
“Həmin işçilərin yenidən yerləşdirilməsi məsələlərinə baxılacaq. Sərbəstləşən işçilər də SOCAR-ın müvafiq proqramına qoşula bilərlər”.
Layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən struktur bölmədə çalışanların maaşlarının nə qədər olacağı isə məlum deyil:
“Bu barədə isə bir söz deyə bilmərəm. Bunlar idarəetmə aparatında yaradılacaq və bir çox məsələlər kimi buna da baxılacaq”.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyində hazırda Hesablama Palatası yoxlamalar aparır.