Bakıda smart-sayğacların quraşdırılması 2016-cı ildə başa çatacaq.
Oxu.Az 1news.az-a istinadən bildirir ki, Bakıda keçirilən CATEC 2014 “Su hazırlığı və su emalı üçün texnologiyaları” II Xəzər Beynəlxalq sərgisi çərçivəsində “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov məlumat verib.
Onun sözlərinə görə yeni sayğacların quraşdırılmasında “Azərsu” qədər istehlakçılar da maraqlıdırlar, belə ki, smart-sayğaclar suyun israfını azaldır, müəssisə və istehlakçılar arasında yaranan problemləri aradan qaldırmağa yardım edir.
Q.Hüseynov qeyd edib ki, ümumilikdə paytaxtda 700 min smart-sayğac quraşdırmaq planlaşdırılıb.
“140 min ədəd sayğac artıq quraşdırılıb”, - o deyib.
“Azərsu”nun rəhbəri smart-sayğacların infrastrukturu yenilənən ərazilərdə quraşdırılma məsələlərinə də toxundu.
“Bu fiziki olduğu kimi maliyyə cəhətdən də çətindir. Bu gün üçün yeni sayğaclar, əsasən sovet dövründə tikilmiş çoxmərtəbəli binalarda quraşdırılır. Bu binalarda bütün kommunikasiya ödəmələri KYT balansına keçirilirdi. Evlərdə su təchizatı və kanalizasiya sistemləri köhnəldiyi üçün sızmalar baş verirdi. Nəticədə isə bir sıra problemlər yaranırdı. Nasazlığa görə suyun təzyiqi azaldılırdı, bu isə yuxarı mərtəbələrə suyun çatdırılmasına mane olurdu, eləcə də israfçılığa yol açırdı.
Bununla yanaşı “Azərsu” əməkdaşları santexnik qovşaqlarda quraşdırılmış sayğacların göstəricilərini hesablaya bilmirdilər. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə su kəmərləri və kanalizasiya sistemləri “Azərsu” ASC-nin balansına verildi. Nəticədə Bakıda 1 min evdə su təchizatı sisteminin rekonstruksiyası aparıldı, 8 min yaşayış binasında da rekonstruksiya işlərinin aparılması planlaşdırılır” – Q.Hüseynov bildirib.