“Bakı-2015” Birinci Avropa Oyunlarının təşkili ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş rejimdə işləyir.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, cəmiyyətin idarə aparatında, həmçinin rayon sukanal idarələrində qərargahlar yaradılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə 3 ixtisaslaşmış qəza briqadası yaradılıb, onlar xüsusi texnika, maşın və mexanizm, lazımi mal-material və avadanlıqlarla təmin olunub. İxtisaslaşmış briqadaların qəza yerlərinə daha tez çatması üçün şəhərin müxtəlif istiqamətlərində - Nizami, Nərimanov və Səbail rayonlarının ərazisində dislokasiya məntəqələri yaradılıb.
Bunlarla yanaşı, hər bir rayon Sukanal idarəsinin su və kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir. Birinci Avropa oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarının əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.
Oyunlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilmiş, aşkar olunmuş çatışmazlıqlar dərhal aradan qaldırılmış və bu istiqamətdə işlər davam etdirilir.
Eyni zamanda Bakı və Mingəçevir şəhərlərində mehmanxanaların, yarışların keçiriləcəyi idman obyektlərinin, olimpiya kəndinin, ictimai-iaşə və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə aidiyyatı qurumlarla birlikdə baxış keçirilmiş, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün müvafiq tövsiyələr verilmişdir.
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır, bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.
Bununla yanaşı “Azərsu” bildirir ki, Bakı şəhərini, o cümlədən idman arenalarını, otelləri, Olimpiya kəndini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün də xeyli iş görülüb.
Ülviyyə R. Əli
www.oxu.az