Bu gün su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd edir.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı Sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilib.
Bu münasibətlə, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə Bakı Biznes Mərkəzində “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. “Azərsu” ASC-nin sədri Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq bu sahədə çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırıb.
“İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində görülmüş işlər bu gün Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna rol oynayır.
Su təsərrüfatı sektorunun iri layihələrindən olan Oğuz-Qəbələ-Bakı magistral su kəməri ulu öndər Heydər Əliyevin ideyası əsasında möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilib istismara verilmişdir. Təməli dövlət başçısı tərəfindən qoyulmuş Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu yaxın vaxtlarda istismara verilməsi ilə Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatı daha da yaxşılaşacaqdır.
Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri uğurla davam etdirilir”-deyə, o qeyd edib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 14 əməkdaşı fəxri adlar və medallarla təltif olunmuşlar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülmüş, 12 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülüb.
Ülviyyə R. Əli
www.oxu.az