“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Talış-Sabirabad-Saatlı su kəməri 61,5 km layihələndirilib.
Kəmərin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500 mm, 630 mm, 710 mm, 800 mm diametrli polietilen borularla çəkilir. İndiyə qədər kəmərin 45 km-lik hissəsində işlər başa çatdırılıb.
“Talış-Sabirabad-Saatlı su kəmərinin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcək. Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaq”,- məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az