“Azərsu” ASC tərəfindən abonent məlumatlarının dəyişdirilməsi elektron xidməti yaradıldı.
Oxu.Az-a bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd edək ki, “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəçinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımi sənədləri təqdim edərək elektron formada müraciət edə bilər.
İndiyədək abonent adının dəyişdirilməsi üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər ki, bu da əlavə vaxt itkisi idi. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra abonent məlumatlarını www.azersu.az saytı vasitəsilə elektron müraciət edərək dəyişdirə biləcəklər. Hazırda bu xidmətin www.e-gov.az portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı “online” müraciət qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir.