"Balaxanı-Sabunçu-Ramana" yatağında SOCAR-la "Hasilat Pay Bölgüsü" sazişinə əsasən, hasilat işləri aparan "Balakhani Operating Company LTD" (BOC) şirkəti 2026-cı ilin ilk yarısını rekord göstəricilərlə bitirib.
Oxu.Az xəbər verir ki, şirkət gündəlik orta hasilatı 1 000 tona çatdırıb.
Bundan əlavə, qabaqcıl geoloji modelləşdirmə və müvafiq geoloji-texniki tədbirlərin tətbiqi nəticəsində fəaliyyət sahələrində istismar olunan quyuların sayı 820-yə qədər optimallaşdırılıb.
Bu nəticənin arxasında hər bir BOC heyət üzvünün durduğunu qeyd edən şirkət prezidenti Rövşən Rzayev Balaxanı neftçilərinə yarımillik hesabatla bağlı təşəkkür məktubu ünvanlayıb. Onların əməyi, fədakarlığı və həmrəyliyini yüksək qiymətləndirən qurum rəhbəri vurğulayıb:
"Təcrübə göstərir ki, gündəlik əməliyyatlarda dayanıqlı proseslərdən maksimum səmərəli istifadə hasilat göstəricilərini yüksəldir. "Balakhani Operating Company LTD" bundan sonra da hasilat əməliyyatlarını ətraf mühitin mühafizəsi ilə tarazlı şəkildə apararaq, fəaliyyətini məsuliyyətli şəkildə qurmaqda davam edəcək".