"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin 30, "Neft Daşları"nın 75 illik yubileyləri və Milli Mətbuat Günü münasibətilə SOCAR rəhbərliyinin və bir sıra dövlət qurumlarının, şirkətlərin mətbuat katiblərinin "Neft Daşları"na səfəri təşkil olunub.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, səfər iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu, yeni enerji strategiyasının müəllifi Heydər Əliyevin "Neft Daşları"nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan muzeydə ümummilli liderin ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlar, dahi şəxsiyyətin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən çoxsaylı tarixi fotolar və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablarla tanış olublar.
Sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub.
Daha sonra səfər iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Tədbir iştirakçıları dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar.
Səfər çərçivəsində "Əsrin müqaviləsi"nin 30 və "Neft Daşları"nın 75 illik yubileylərinə həsr olunmuş konsert proqramı təşkil olunub.
"Neft Daşları"nda çalışan neftçilər üçün təşkil olunan konsert proqramından öncə "Azneft" İB-nin baş direktoru Əli Qurbanov çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb. Baş direktor ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"nin ölkənin hərtərəfli tərəqqisində, o cümlədən neft sənayesinin inkişafında oynadığı mühüm roldan, "Neft Daşları"nın tarixindən, neftçilərin fədakar fəaliyyətindən bəhs edib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra əməkdar artist Aqşin Abdullayevin rəhbərlik etdiyi "A&A" musiqi qrupunun ulu öndər Heydər Əliyevə, neftçilərə həsr olunan və vətənpərvər mahnılardan ibarət konsert proqramı ilə davam etdirilib.