Neftin dünya bazar qiymətlərinin real olaraq “döşəmə həddində” olması və hətta, bundan da aşağı səviyyəyə düşməsi dövlət gəlirləri bilavasitə adı çəkilən xam məhsul növündən asılı olan ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın bütün sahələrində öz təsirini göstərir.
Doğrudur, 2016-cı ilin astanasında olduğumuz üçün hazırda bizləri ən çox gələn ilə dair iqtisadi vəziyyət düşündürür. Ancaq nəzərə almaq vacibdir ki, elə cari il ərzində də bir çox sahələrdə vəziyyət kifayət qədər kritik nöqtəyə gəlib çıxıb.
Bu sahələrdən biri də bank sektorudur.
Belə ki, fevral ayında Mərkəzi Bankın (AMB) məlum devalvasiya addımından sonra ölkəmizin bank sistemi kifayət qədər gərgin situasiya ilə üz-üzə qalıb. Belə ki, onsuz da problemli kreditlər məngənəsində boğulan bank sektorumuz manatın ABŞ dollarına nəzərən 34 % ucuzlaşdırılmasından sonra daha çətin problemlərlə üzləşib.
Düzdür, kredit borclarının manatla, yoxsa dollarla qaytarılmalı olduğu kimi məsələ Konstitutsiya Məhkəməsinin işə qarışması yolu ilə cavab həllini tapdı. Lakin, əhalinin banklara artmaqda olan borclarının əslində qaytarılmalı olduğu, yoxsa bağışlanacağı kimi məsələlər hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.
Biz, əvvəlki şərhimizdə də qeyd etdik ki, istehlak kreditləri yenə durmadan artmaqda davam edir. 2015-ci il noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 566,4 milyon manat kredit qoyuluşunun 7 milyard 557,1 milyon manatı məhz ev təsərrüfatlarının (istehlak kreditlərinin) payına düşüb ki, bu rəqəm cari ilin sentyabr ayının yekunlarına (7 milyard 592,2 milyon manat) görə, cəmi 35,1 milyon manat və ya 0,46 % az təşkil etsə də, ilin mart ayı ilə müqayisədə xüsusi çəki baxımından artıq olub.
Ümumiyyətlə, AMB-in məlumatında da qeyd edilir ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi son bir ayda 39,7 %-dən 40,7 %-ə qədər yüksəlib. Bu səbəbdən də ölkədə əhalinin bir qisminin kredit borclarının dövlət tərəfindən guya bağışlanacağı, gah da məsələn, yaşayış minimumu kimi göstəricilər ilə əlaqədar ödənilməməli olduğu kimi ara-sıra absurd xarakterli fikir və mülahizələr irəli sürülməkdədir.
Bəs, əslində vəziyyət necədir? Əhalinin mövcud kredit borcları ilə əlaqədar, hər hansı bir tərəfin xeyrinə nəsə gözlənilirmi və yaxud bu kimi hallar baş verə bilərmi?
Məsələn, götürək, yaşayış minimumunu...
Məlumdur ki, yaşayış minimumu dövlətin əhalinin sosial müdafiəsini təmin və təşkil etmək baxımından bir növ alət və vasitədir. Bunu dövlət özü müəyyən etməklə necə deyərlər, həyata keçirdiyi və yaxud keçirməli olduğu sosial siyasətin aspekrtlərini - konkret istiqamətlərini dəqiqləşdirir.
Çünki məlum olduğu kimi, yaşayış minimumu göstəricisi minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərdən ibarət normadır.
Minimum istehlak səbətinin tərkibinə isə ərzaq, qeyri-ərzaq məhsulları və xidmət daxildir ki, bunların da hər birinə həyat üçün vacib, həmçinin zəruri sosial və mənəvi tələbatı ödəyən elementlər aiddir.
Bunlar da əhalinin 3 qrupu - əmək qabiliyyətli, pensiyaçılar və 14 yaşınadək olanlar üzrə müxtəlif cür bölünür ki, hər bir qrupun istehlak səbətinin tərkibi eyni elementlərdən ibarət olsa da, ölçü və çəki baxımından fərqli olur.
“Yaşayış minimumu haqqında” qanununa əsasən, ölkədə yaşayış minimumuna ildə bir dəfə - dövlət büdcəsi ilə birgə baxılmalı oldugu halda, minimum istehlak səbətinin dəyəri üç ildə bir müəyyən edilir.
Halbuki minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları və xidmət istehlak bazarında qiymət dəyişikliyinə daha həssas və çevik cavab verir ki, bu da onun ümumi dəyər səviyyəsini müntəzəm olaraq nəzərdən keçirməyi tələb edir.
Ona görə ki, qiymətlər və inflyasiya ölkədə fizioloji tələbatın təmin edilməsi vəziyyətini çox sürətlə dəyişir.
Doğrudur, 2016-cı il üçün yaşayış minimumu göstəricisi ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilməklə cari ildəkindən ciddi fərqlənməsə də, irəliyə doğru atılan növbəti bir addım sayılır.
2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat təşkil edirdi.
Sözümüz bunda deyil.
Demək istədiyimiz budur ki, yaşayış minimumu göstəricisi hər il bir az artırılır. Və bununla da, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin tədbirində hər il demək olar ki, bir az da artıq keyfiyyət əldə olunur.
O ki qaldı əhalinin müxtəlif kredit borclarına, bu məsələlər qarışdırılmamalıdır.
Borc alınıbsa, geri qaytarılmalıdır.
Məsələ bundadır ki, bunlar banklar və yaxud müvafiq kredit təşkilatları ilə vətəndaşlar arasında münasibətlərə aid məsələdir. Belə ki, kreditlər əsas etibarı ilə təminatlı olur və yaxud olmalıdır. Buna dövlət heç bir cavabdehlik daşımır və ya yaşayış minimumu kimi göstəricilərə dair də heç bir müvafiq qanunvericilik norması ilə tənzimlənmir.
Çünki kredit sosial müavinət deyil, borc vəsaitidir..
Və istənilən halda ödənilməlidir...
Ümumiyyətlə, yaşayış minimumu ilə bağlı əsas diqqət yetirilməli olan məsələ məhz, qiymətlər yüksəldikcə minimum istehlak səbəti dəyərinin də dəyişməsiylə əlaqədar bunun, onu istər-istəməz yaşayış minimumu səviyyəsindən istər-istəməz uzaqlaşdırması faktorudur.
Ona görə ki, qiymətlər və inflyasiya prosesi ölkədə fizioloji tələbatın ödənilməsi vəziyyətilə sıx əlaqədardır. Bizdə isə problem ondadır ki, minimum istehlak səbəti vaxtında nəzərdən keçirilmir.
Bax, bu, yaşayış minimumu ilə bağlı həll olunmalı əsas məsələdir.
Pərviz Heydərov
www.oxu.az