"Heç bir şirkət güclü dövlət tərəfdaşlığı olmadan, yeni kapital olmadan, texnologiya olmadan, sübut olunmuş icra təcrübəsi olmadan və təchizat zənciri ilə möhkəm əlaqələr olmadan uğur qazana bilməz. Buna görə də dərin və səmərəli əməkdaşlıq həlledici əhəmiyyət daşıyır".
Oxu.Az xəbər verir ki, bu fikirləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
O, Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının potensialından da danışıb:
"Beynəlxalq müqayisəli göstəricilərə baxdıqda AÇG kimi nəhəng neft yataqlarında hasilatın təbii azalması, adətən, ildə təxminən 8 faiz təşkil edir. AÇG-də isə bu göstərici təxminən 3 faizdir. Yəni nəticələr daha yaxşıdır. Buna necə nail oluruq? İlk növbədə, texnologiya hesabına".
"Hazırda biz 4D seysmik tədqiqatlar aparırıq. Bu, mayelərin yataq daxilində hərəkətini izləməyə imkan verən genişmiqyaslı seysmik proqramdır. Bu, regionun ən böyük seysmik kampaniyalarından biridir. Bəs əldə olunan məlumatlarla nə edirik? Bir neçə şirkətlə əməkdaşlıq edərək Azərbaycanda yeni bir şirkətin formalaşmasına dəstək vermişik. Bu, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətdir. Onlar seysmik məlumatların emalı, səs-küyün təmizlənməsi və məlumat keyfiyyətinin artırılması üzrə ixtisaslaşıblar. Bu gün həmin şirkət Azərbaycanda yerləşsə də, xidmətlərini beynəlxalq bazarlara da təqdim edir. Bu, yalnız neft və qaz hasilatı deyil, eyni zamanda, yeni bacarıqların və imkanların yaradılması deməkdir.
Eyni şirkətin və süni intellekt texnologiyalarının köməyi ilə iş proseslərini də optimallaşdırmaq mümkündür. Məsələn, yeni quyunun planlaşdırılması zamanı çoxsaylı mərhələlərdən keçilir. Süni intellekt tətbiq etdikdə isə bu müddət daha az olur. Nəticədə əvvəllər bir quyunun planlaşdırılması təxminən 300 gün çəkirdisə, indi bunu təxminən 15 gün ərzində həyata keçirə bilirik. Bu, həqiqətən də, böyük irəliləyişdir. Bütün bunlar mənə Bakının yeni Hyustona çevrilmək potensialına malik olduğuna dair güclü inam verir", - deyə nümayəndə vurğulayıb.