Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində içməli su problemi öz həllini tapıb.
Oxu.Az-a “Azərsu”-dan verilən məlumata görə, Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə magistral su xətti çəkilib, 5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232 ünvana birləşmə verilib.
Bundan başqa, qəsəbədə kanalizasiya sistemləri də yaradılıb, bu məqsədlə 6200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib.
Layihənin icrası nəticəsində qəsəbədə 1200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.
Qeyd edək ki, Yeni Xocavənd qəsəbəsi də daxil olmaqla Beyləqan şəhəri rayonun Əlinəzərli kəndi ərazisində qazılmış 5 ədəd subartezian quyusu hesabına içməli su ilə təmin olunur.
Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir.
Bölgələrdə yaşayış məntəqələrinin içməli su təchizatı isə sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq aparılır. Qəsəbədə işlər də dövlət proqramına uyğun olaraq aparılmışdı.
Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində və ətraf kəndlərdə 25 mindən çox sakinin su təchizatını əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.
Layihəyə əsasən, quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilmişdir. Su mənbəyindən şəhərə qədər 450 mm diametrli polietilen borularla 8,6 km magistral su xətti çəkilmiş, şəhərdə 91 km içməli su və 89 km kanalizasiya şəbəkəsi yaradılıb.
Ülviyyə R. Əli
www.oxu.az