Müsadirə olunmuş əmlakı banklar hərrac yolu ilə realizə edirlər. Bu zaman qeyd etmək lazımdır ki, bank müsadirə olunmuş əmlakı hərraca yalnız məhkəmə onun xeyrinə qərar verdikdən sonra çıxara bilər.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə “İqtisadi təşəbbüsə dəstək” ictimai birliyinin eksperti Samir Əliyev bəyan edib.
“Bundan sonra bank əmlakı hərracda satışa çıxarır. Hərrac mərkəzləri əmlakın satışından müəyyən faiz alırlar. İdealda, hərraca çıxarılan əmlak yüksək qiymətə satılmalıdır. Amma təcrübədə bu belə olmur. Burada bank və müştərinin maraqları toqquşur. Bank əmlakın tezliklə satılmasında və ona düşən payın alınmasında maraqlıdır. Müştəri isə mənzilini daha baha satmağa, bankın pulunu ödədikdən sonra əlində hansısa məbləğin qalmasında maraqlıdır. Mənzil satıldıqdan sonra məbləğdən banka ödəniləcək pul çıxılır. Eləcə də məhkəmə və hərrac mərkəzinin rüsumları da bu məbləğdən çıxılır. Bütün bunlar müştərinin əmlakının satıldığı məbləğdən çıxılır. Aydın məsələdir ki, bank öz pulunu çıxır. Qalan hissə müştəriyə çatır. Bütün bu prosedur uzun müddət çəkir, ona görə də bu nə bank, nə də müştəri üçün əlverişli deyil. Ona görə də müəyyən hallarda bank və müştəri arasında razılıq əldə edilir”, - ekspert açıqlama verib.
Onun sözlərinə görə, bu hərracları auksion mərkəzləri ilə yanaşı, eləcə də dövlət orqanlarının hansısa şöbələri də apara bilər.
“Amma açıq desək, bu mexanizm bizdə elə də güclü inkişaf etməyib. Ümumiyyətlə, bütün bu prosedur şəffaf keçmir. Hərrac haqqında elan verilir. Düzünü desəm mən belə elana rast gəlməmişəm”, - S.Əliyev yekunlaşdırıb.