Əmanətlərin Sığortalanması Fondu mayın 19-dan etibarən banklarda yerləşdirilən, illik faiz dərəcəsi 9%-dən çox olan əmanətləri sığortalamayacaq. Əhalinin sərəncamında 2 gün qalıb. Bu müddətdə onlar 10%-lə sığortalanan əmanət yerləşdirə bilərlər.
Oxu.Az xəbər verir ki, iqtisadçı-ekspert, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin dediyinə görə, fondun son addımları kredit bazarında cüzi ucuzlaşma yaratsa da, əmanət bazarının artım tempini zəiflədəcək:
“Fondun bu addımı təbii ki, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsinin azalmasını stimullaşdıracaq. Bu situasiyadan yararlanan iri banklar faizləri aşağı salacaqlar, kiçik banklar da məcbur olub böyük bankların ardınca gedəcəklər. Əmanətlərin ucuzlaşması da öz növbəsində, kreditlərin faiz dərəcəsinə az da olsa təsir göstərəcək. Çünki bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır və əmanətlərlə kreditlərin faiz dərəcəsində asılılıq var. Elə banklar var ki, orda bu göstərici 70-80% təşkil edir. Deməli, cəlb edilən resursun ucuzlaşması belə bankların kredit təklifində daha qabarıq görünəcək”.
S.Əliyev qeyd edib ki, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 10%-ə yaxındır. İri banklarda bu göstərici daha az - 8%-ə bərabərdir. Kiçik banklarda isə hətta 13-14%-ə çatır. Fondun bu addımından sonra orta faiz dərəcəsi bazarda böyük ehtimalla 9-9,5%-ə düşəcək.
“Yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana bilər. Artıq bunu şərtləndirən amillər də var. 2014-cü ildə də əmanət bazarını məhdudlaşdıran addımlar atılır. Bir tərəfdən Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizlərini aşağı salır. Bu, bazarda əmanət faizlərini azaldan səbəbdir. Digər tərəfdən Mərkəzi Bankın məcmu kapitala dair tələbi 2014-cü ilin sonunda bitəcək. Deməli, ilin sonuna qədər bankların bağlanma təzyiqi altında olması əmanətçiləri də gərginlikdə saxlayacaq”, - deyib S.Əliyev.
Onun sözlərinə görə, bütün bunlar bankların gələcəkdə kredit vermək üçün əsas resurlarını məhdudlaşdıra bilər. Bu isə kredit bazarına mənfi təsir göstərə bilər.
Ekspertin fikrincə, hökumətin əmanət bazarının mövcud artım tempini saxlamaq üçün bir sıra addımlar atması məqsədəuyğun olardı:
“Ölkədə mövcud makroiqtisadi sabitliyin qorunması və illik inflyasiya səviyyəsinin 2-3% həddini ötməsinə imkan verilməməsi; milli valyutanın sabitliyinin qorunması, kəskin ucuzlaşmaya yol verilməməsi; sığortalanan əmanətlərə görə verilməsi nəzərdə tutulan kompensasiyanın həddinin ən azı 50 min manata çatdırılması; banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi qərarının daha 3 il müddətinə uzadılması; bankların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi əmanət bazarının mövcud artım tempini saxlaması üçün müsbət təsir edərdi”, - deyib S.Əliyev.
Gülnarə Zeynalova
www.oxu.az