Fevralın 12-də Bakı şəhərində “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçiriləcək.
Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən məlumat verilib.
Məşvərət Şurasının ilk iclasında “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp-Azerbaijan şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP), şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı ilə layihənin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcək.
Qeyd edək ki, Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. Məşvərət Şurasının yaradılması məsələsini isə Prezident İlham Əliyev tövsiyə edib.