"Bakıda artıq tullantıların çeşidlənməsi, xüsusi təkrar emal sənaye zonası (harada ki, yalnız təkrar emal şirkətləri yerləşir) və tullantıdan enerji alma müəssisəsi ilə güclü tullantı idarəetmə sistemi qurulub".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndələyinin böyük məsləhətçisi Faiq Mütəllimov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində "COP31 Sədrlik tədbiri - Bakıdan Antalyaya: İqlim fəaliyyəti və tətbiqinin hərəkətverici gücü kimi dairəvi iqtisadiyyat" müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dövriyyəli iqtisadiyyat təcrübələrinin yeni sektorlara da şamil edilməsi vacibdir:
"Bu, enerji keçidini yaşayan Azərbaycan üçün də aktualdır. Məsələn, daha çox günəş panelləri, batareyalar, elektrik nəqliyyat vasitələri və digər texnologiyalar quraşdırırıq. Biz bütün həyat dövrünü öncədən nəzərə almalıyıq: 25-30 ildən sonra günəş panellərinə nə olacaq, batareyalara nə olacaq? Kritik materialları bərpa edə bilərikmi, avadanlıqları tullamaq əvəzinə təmir, yenidən istifadə etmək mümkündürmü? Ona görə də deməzdim ki, iş Bakıda başlayıb və bitib, tam əksinə. İnanıram ki, Antalyaya gedən yolda müzakirələr məhz bu istiqamətdə davam etməlidir".