2026-cı il üzrə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238.3 milyon manat, əvvəlki illərdə yaradılmış ehtiyatlardan isə 28.1 milyon manat vəsaitin xərclərin maliyyələşdirilməsinə yönəldilməsi proqnozlaşdırılır.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İşsizlikdən Sığorta Fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Fondun əsas gəlir mənbəyi olan işsizlikdən sığorta haqları üzrə yığımların 236.6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2025-ci ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 30.27 milyon manat və ya 14.67%, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 3.03 milyon manat və ya 1.3% çoxdur.
Büdcə təşkilatları və həmin qurumların əməkdaşları tərəfindən ödəniləcək sığorta haqları üzrə daxilolmalar 51.9 milyon manat səviyyəsində müəyyən edilib.
Gəlirlərin 184.7 milyon manatı və ya 78%-i qeyri-büdcə sektorundan daxil olacaq.
2026-cı il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri 266.4 milyon manat proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5.7 milyon manat və ya 2%, 2024-cü ilin icrası ilə müqayisədə isə 73.7 milyon manat və ya 38% çoxdur.