İstehlakçılar hüquqlarının müdafiəsində fəal olmalı, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etməli və malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməlidirlər.
Oxu.Az xəbər verir ki, bu sözləri Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib.
Rəis müavininin sözlərinə görə, bu sahədə maarifləndirmə tədbirləri davam etdirilir:
“2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 100 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanılıb”.
Araz Əliyev bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır.
Qeyd edək ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və Facebook səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.