SOCAR 2008-ci ildə “Petkim”i aldıqdan sonra Türkiyənin ilk 10 sənaye şirkətindən birinə çevrilib. Hədəfimiz ikinciliyə yüksələrək, 2018-ci ildə 2-ci böyük sənaye şirkəti olmaqdır. Bu hədəfə 2018-ci ildə həm “Star” neft emalı zavodu, həm də TANAP layihələrinin tamamlanması ilə çatmağı düşünürük. “SOCAR Türkiyə” olaraq, 2018-ci ildə bütün şirkətlərimizin ümumi gəlirlərini qiymətləndirdikdən sonra Türkiyənin ikinci böyük şirkətinə çevriləcəyik.
Oxu.Az xəbər verir ki, bunu “Report”a müsahibəsində “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz bildirib.
Türkiyədə “Star” neft emalı zavodu layihəsindən danışan K.Yazuv bildirib ki, bu layihəyə sadəcə Türkiyə iqtisadiyyatı nöqteyi nəzərindən deyil, həmçinin Azərbaycan iqtisadiyyatı prizmasından baxmaq lazımdır
“Bilirsiniz ki, Azərbaycan təbii qaz və neft ixracatçısı ölkəsidir, lakin bu gün dünyadakı vəziyyətə nəzər saldıqda, karbohidrogen mənbəyi olan ölkələrin yalnız təbii qaz və neft sataraq deyil, eyni zamanda təbii qaz və neftə əsaslanan sənayeləri inkişaf etdirərək öz iqtisadiyyatlarını daha yüksək səviyyəyə çatdırdığını müşahidə edirik. Azərbaycan da bu strategiya ilə irəliləyir. Bu səbəbdən, sadəcə təbii qaz və neft ölkəsi deyil, eyni zamanda bir sənaye ölkəsi olmaq məcburiyyətindədir. Bu neft emalı zavodu həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərəcək böyük bir layihədir”.
K.Yavuz həmçinin Türkiyədə “Petlim” limanının inşası məsələsinə toxunaraq, onun Türkiyə və Egey dənizi regionunun 3-cü böyük konteyner limanı olacağını bildirib.
“Bu limanı təxminən 250 mln. dollar məbləğində öz vəsaitimizi xərcləyərək inşa edirik, lakin onun idarə olunması və avadanlıqla təmin olunması dünyanın ən böyük konteyner şirkətlərindən biri olan “APM Terminals” tərəfindən həyata keçiriləcək. Bildiyiniz kimi, qiymətin 30%-ni, yəni 300 mln. dollar ödəyərək ABŞ-ın “Golden saks” şirkəti limanımıza şərik olub. Bu ilin sentyabr-oktyabr aylarında limana sərmayə qoyuluşu tamamlanacaq. Nəsib olarsa, bu ilin payızında limanın açılışını həyata keçirəcəyik”.
TANAP layihəsindən danışan “SOCAR Türkiyə”nin rəhbəri bildirib ki, “Türk axını”, Rusiya, İraq, İran və ya başqa yerdən gələcək qaz TANAP-a mənfi təsir göstərməyəcək:
“TANAP layihəsi - Cənub Qaz Dəhlizi 45 mlrd. dollar dəyərində bir layihədir. Sərmayə qoyuluşu artıq başlayıb, proses davam edir. Həm “Şahdəniz-2” layihəsinə sərmayə qoymağa başladıq, həm Cənubi Qafqaz, həm TANAP, həm TAP layihələrinin hamısında işlər davam edir. Bu boru kəmərindən keçəcək qaz hazır vəziyyətdədir, alıcı da, satıcı da məlumdur. Bu səbəbdən istənilən başqa layihənin bu layihəyə təsir göstərməsi mümkün deyil. Çünki layihənin bütün mərhələləri və bazar həcmi müəyyən olunub, müqavilələr imzalanıb. Bu səbəbdən heç bir tərəddüd ola bilməz”
K.Yavuzun sözlərinə görə, “SOCAR Türkiyə” olaraq, dünyanın ən böyük 17-ci iqtisadiyyatına malik, 800 mlrd. dollarlıq ümumi milli məhsulu olan Türkiyə iqtisadiyyatına 2008-ci ildə daxil olaraq 2018-ci ildə 2-ci böyük şirkət səviyyəsinə çatıb:
“10 il ərzində belə bir böyük iqtisadiyyatda 2-ci böyük şirkət olmaq çox böyük uğurdur. Bu ölkədə 50, 60, 100, hətta 200 il fəaliyyət göstərən şirkətlər mövcuddur. Bu, Azərbaycan və Türkiyə dövlətlərinin yanaşması, onların siyasi iradələrinin dəstəyi və SOCAR-da çalışan əməkdaşlarımızın və “Petkim”in böyük uğurundan irəli gəlir. Bu günə kimi nə qədər pul xərclədiyimizə gəldikdə isə deyə bilərəm ki, vəsaitin böyük hissəsini layihənin maliyyələşdirilməsinə sərf edirik. Bunun hamısını öz mənbəyimizdən xərcləməyəcəyik. Məsələn, neft emalı zavodu layihəsi təxminən 5,6-6 mlrd. dollara başa gəlir - bunun yarısından çoxunu banklardan kredit götürürük.
Xəzinə zəmanəti və dövlət zəmanəti olmadan 3,5 mlrd. dollara yaxın bir layihə maliyyələşdirməsini həyata keçirdik. “Petkim”də də eyni şəkildə. Bu baxımdan, Türkiyədəki 20 mlrd. dollar həcmində sərmayə şəriklərimizin payına düşəcək. Onların arasında BOTAŞ, TANAP və BP var. Bizim payımıza düşən məbləğin bir hissəsini öz mənbələrimizdən yatırırıq, lakin çox hissəsini borc götürürük. Bu borcu qazanaraq geri ödəyəcəyik. Hədəfimiz mümkün qədər az pul xərcləyərək ola bildiyi qədər böyük işlər görməkdir və cənab Prezidentin bizə vermiş olduğu göstərişə uyğun olaraq, hədəfimiz SOCAR-ı Türkiyənin ən böyük şirkəti etməkdir”.