"Proqramın qarşısına qoyduğu əsas hədəf kənd təsərrüfatında illik ümumi daxili məhsul artımının ən azı 2 faiz və onun üzərində olmasına nail olmaqdır".
Bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib. Söhbət "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində bu istiqamətdə ümumi daxili məhsulun artımından gedir.
Lakin maraqlıdır ki, son 2 ilə qədər bu sahədə faktiki artım 2 faizdən çox olub. Belə ki, illik müqayisədə 2023-cü ildə kənd təsərrüfatı sahəsində məhsul istehsalında 3 faiz, 2022 və 2021-ci illərdə isə 3,4 faiz artım qeydə alınıb.
Bu baxımdan Baku TV-yə danışan iqtisadçı Xalid Kərimli sözügedən Proqramdakı artım göstəricisinin o qədər də böyük ambisiyalı olmadığını bildirir: "Kənd təsərrüfatının qarşılaşdığı problemlər əvvəlki illərdə həll olunmayıb. Yəni bu sahə ciddi struktur problemləri ilə üz-üzədir. Son onilliklərdə kənd təsərrüfatında əsaslı islahatların aparılması və problemlərin nəticəyönümlü həlli istiqamətində atılan addımlar olduqca az olub. Sahənin suvarma, meliorasiya və irriqasiya ilə bağlı problemləri hələ də qalmaqdadır. Bu problemlərin həlli isə kifayət qədər çətin və ardıcıl addımlar tələb edir. Belə bir vəziyyətdə daha yüksək artım göstəriciləri gözləmək real deyil".