"Aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, Prezident bir müddət öncəki müşavirəsində son illər ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd etmiş və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləmişdi. Dövlət başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir Dövlət Proqramı hazırlanıb".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və bu sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir. Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır.
"Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək", - deyə Zeynal Nağdəliyev əlavə edib.