Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı
Yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd təsərrüfatı və qida məhsulları satılır.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdikləri kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satmaları üçün şərait yaradılıb.
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həm də istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcək. "Gəl, istehsalçıdan al" şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.
Bazar Novruz və Ramazan bayramlarında hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.