Nazirlər Kabinetinin Qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların Siyahısına daxil edilib.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib.
Komitədən bildirilib ki, qərara əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.
“Uyğunluğun qiymətləndirilməsini, başqa sözlə sertifikatlaşdırmanı akkreditasiya olunmuş müstəqil qurumlar həyata keçirir”, - deyə komitədən qeyd edilib.
Komitə istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyyat hissələrini almamağı tövsiyyə edir.
Məlumat üçün bildirirək ki, komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” MMC-dir.
Ülviyyə R. Əli
www.oxu.az