Mərkəzi Bankın (AMB) bu ilin fevral ayında manatın dəyərini ABŞ dollarına nəzərən birdən-birə 34 faiz ucuzlaşdırmasından sonra əksəriyyətdə tezliklə növbəti dəfə belə bir addımın atılacağı “xofu” yaranıb. Bu səbəbdən də ölkə rəhbərliyinin, xüsusən də AMB sədri Elman Rüstəmovun bu haqda açıqlamaları bir çox hallarda düzgün yozulmur.
Məsələn, AMB sədrinin manatın dəyərinin yaxın perespektivi haqda son olaraq söylədiyi fikirlər yenə bəzilərinə müvafiq kampaniyaya başlamaq üçün əsas verib. Belə ki, söhbət, hökumətin guya, tezliklə tam üzən məzənnə siyasətinə keçəcəyindən gedir. Halbuki, E. Rüstəmov belə deməyib və bu, praktik olaraq da mümkün deyil.
Bəs, söhbət əslində, nədən gedir? Ümumiyyətlə, manatın yenə kəskin şəkildə ucuzlaşdırılacağı mümkündürmü? Bu, nə dərəcədə realdır?
Məsələ bundadır ki, ötən şərhimizdə də yazdığımız kimi bizdə, devalvasiya düzgün anlanılmır. Və bu sahədə bir çox mətləblər qarışdırılır. Devalvasiya ölkənin mərkəzi maliyyə qurumu tərəfindən yumşaq pul-kredit siyasətini ehtiva edir ki, bunun əsas məğzi dövriyyəyə tələb olunduğundan artıq nəğd pul buraxılmasından ibarətdir. Başqa sözlə desək, mükəmməl devalvasiya siyasəti əsas etibarı ilə pul-kredit mexanizmi çərçivəsində həyata keçirilir. Sözümüz bunda deyil.
Azərbaycanda uzun illərdir AMB sərt-pul kredit siyasəti həyata keçirir. Keçən il bu proses istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması ilə bir az da sərtləşdirildi.
Manatın məzənnəsi isə həmişə “yumruqda” saxlanılıb.
Hətta neftin qiyməti kəllə-çarxda olan illərdə belə xarici maliyyə qurumlarının yumşaq məzənnə siyasətinə keçməyi tövsiyə etmələrinə baxmayaraq, hökumət buna getməyib. Və bu da bir çox cəhətdən özünü doğruldub.
Belə ki, neftin qiyməti yüksək olan zaman ölkəyə kəskin dollar axını var idi ki, dövlət büdcəsinə gəlirlər geniş xarakter daşıyırdı. Bu zaman, hökumət ölkədə geniş infrastruktur layihələri həyata keçirirdi. Yeri gəlmişkən, bəziləri deyir ki, manatın dəyəri əgər, həmin vaxt sərbəst buraxılsaydı guya, dollar 78 qəpiyə qədər deyil, 50 qəpiyədək ucuzlaşa bilərdi.
Bu, tamamilə səhv fikirdir.
Manatın dəyərinin arxasında təkcə neft dayandığından onun qiyməti 100 dollardan yuxarı olduğu vaxtda da belə sərbəst buraxılsaydı, daha dəqiq desək, üzən məzənnə siyasətinə keçilsə idi, dolların milli puh vahidimizə nəzərən dəyərdən düşəcəyi yanlış nəzəriyyədir. Ən azı büdcə xərclərinin artıq olması baxımdan, manat dollara üstün gələ bilməzdi.
Odur ki, sual yaranır: real şəraitdə üzən məzənnə siyasətinə keçilə bilərmi? Şübhəsiz ki, yox...
AMB-in sədri E.Rüstəmov da deyib ki, Azərbaycan tam üzən məzənnə siyasətinə keçməyə tam hazır deyil:
“Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil”.
Yeri gəlmişkən, vaxtı ilə xarici maliyyə qurumları bayaq qeyd etdiyimiz kimi bizdə üzən məzənnə siyasətinə keçməyi tövsiyə edərkən AMB rəhbərliyi məhz uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyini misal gətirərək etiraf etmişdi ki, belə bir şəraitdə sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.
AMB-in bu ilin fevralın 21-də verdiyi qərarla manatın dollara 34, avroya görə isə 33,8 faiz ucuzlaşdırılması özü də əslində, devalvasiya siyasətinə keçid demək deyildi. Belə ki, bu, adı çəkilən qurumun bayaq qeyd etdiyimiz kimi özünün müəyyən etdiyi məzənnəni dəyişməsindən – onu korrektə etməsindən başqa bir şey olmadı.
Bəs, üzən məzənnə siyasətinə nə vaxt keçilə bilərmi?
Bu suala cavab tapmaq üçün AMB sədrinin sözügedən son açıqlamasına bir az da dəqiq diqqət yetirmək kifayətdir. Belə ki, baş bankir qeyd etmişdir ki, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: “Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir.”
Bu isə o deməkdir ki, neftin qiyməti dönüş edərək yenidən lap, 100 dollara qalxsa da belə, adları çəkilən bu 3 qurumdan savayı ölkəyə dollar gətirən kifayət sayda subyektlər olmasa manatın dəyərini “yumruqdan” buraxmaq olmaz. Bu isə qeyri-neft sektorunun inkişaf etməli olduğunu diqtə edir. Belə ki, Azərbaycan iqtisadiyyatında dövlət büdcəsi gəlirlərində neft sektoru ilə qeyri-neftin indiki 65,3/34,7 faizlik pay nisbəti gərək, 25/75 faizədək dəyişsin...
Əks halda, nəinki tam, hətta nisbətən də varsa üzən məzənnə siyasətinə keçid mümkün deyil. Sadəcə, neftin qiymətinə uyğun olaraq AMB müəyyən etdiyi məzənnəyə vaxtaşırı “korrektə” edəcək. Bunun isə növbəti dəfə məhz nə vaxt və neçə faiz ediləcəyi hələ bəlli deyil.
Neftin dünya bazarlarında qiymətlərini proqnozlaşdırmaq mümkün olmadığı kimi, bu haqda da dəqiq heç nə məlum deyil. Ancaq manatın dəyəri həmişə AMB-in “əlində olacağından” ölkəmizdə uzun illər ərzində formalaşmış makroiqtisadi sabitlik hər halda pozulmayacaq və hiperinflyasiya yaranmayacaq.
Pərviz Heydərov
www.oxu.az