Azərbaycanın Vergilər naziri Fazil Məmmədov təşkil edilmiş kollegiya iclasında bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edəcək.
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Vergilər Məcəlləsinə edilən dəyişikliyin təsdiqlənməsi mənzil bazarında qiymətlərə necə təsir göstərə bilər? Nazirin də qeyd etdiyi kimi dəyişiklik vergi yükünü azaldacaqmı?
Oxu.Az məsələ ilə əlaqədar daşınmaz əmlak bazarı üzrə ekspertlərin fikirlərini öyrənib.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, dəyişikliyin bazara müsbət təsiri olacaq:
“Bu, bazara müsbət təsir edəcək, çünki hazırda qüvvədə olan Vergilər Məcəlləsinə görə, evin satışının təxminən 18-20%-i vergiyə cəlb edilirdi. Vergilər Məcəlləsinə edilən dəyişikliyin nəticəsində bu həcm xeyli azalıb. Yəni, bundan sonra bu həcm 2-5% civarında olacaq”.

Onun sözlərinə görə, satışdan 18-20%-dək verginin tutulması satıcıların narazılığına səbəb olmuşdu, onlar bazardan çıxmışdılar:
“Bu ilin əvvəlindən mənzillərin satışının vergiyə cəlb edilməsi bazarda satıcıların narazılığına səbəb olmuşdu. Onlar əllərində olan əmlakı satmağı məqbul hesab etmirdilər. Ona görə, bazardan əmlakların satışını çıxardırdılar. Amma indi 2-5% məbləğ elə də böyük rəqəm deyil. Çox güman ki, həmin satıcılar bazara qayıdacaqlar. Bu isə bazarın qismən də olsa aktivləşməsinə gətirib çıxaracaq”.
Öz növbəsində, daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, yeni dəyişiklik edilmiş məcəllə köhnə məcəllə ilə müqayisədə xeyli yumşaqdır:
“Yəni, əvvəlki qanunvericiliyin şərtləri daha sərt idi. Köhnə Məcəllə kommersiya obyektlərinin, eyni zamanda qiyməti 120 min manatdan artıq olan daşınmaz əmlakın alqı-satqısı zamanı ƏDV ödənişini şərt olaraq ortaya qoyurdu.

Eyni zamanda, fiziki şəxslərdən gəlir vergisinin tutulması, kommersiya təyinatlı obyektlərdən isə məbləğin tutulması məsələləri var idi. Zənnimcə bu dəyişikliklərdən sonra vergi yükü müəyyən qədər azalacaq.
Düşünmürəm ki, bu bazarda nəzərə çarpacaq dərəcədə canlanma yaratsın, amma müəyyən qədər irəliləyiş yarada biləcək”.
Ekspert əlavə edib ki, dəyişiklik bazarda qiymət artımının yaranmasına səbəb olmayacaq:
“Düşünmürəm ki, bu qiymət artımına gətirib çıxartsın, çünki qiymət artımları onsuz da indiki mərhələdə müsbət nəticə vermir. Daha çox bazarın iflic vəziyyətinə gəlib çıxmasına səbəb olur. Yəni, tələbin aşağı olduğu bir dövrdə qiymət artımına getmək tələbi daha da məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Qeyd edək ki, Məcəlləyə dəyişikliklər 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Ülviyyə R. Əli
www.oxu.az