2026-cı ilin sonunadək könüllü sığorta növləri üzrə genişləndirilmiş zəmanət sxeminin tətbiqi ilə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bu fəaliyyət 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında müəyyən olunmuş tədbirlərdən biridir:
"Sözügedən mexanizm sığorta müştərilərinin hüquqlarının qorunması çərçivəsinin təkmilləşdirilməsinə xidmət edir. Mexanizmin tətbiqi çərçivəsində şirkət ödəmə qabiliyyətini itirdikdə sığorta hadisələri üzrə tələblərin müəyyən hissəsinin qarşılanması və ya müqavilələrin digər sığortaçıya ötürülməsi ilə onların davamlılığının təmin olunması mümkün ola bilər".
AMB-nin məlumatına görə, bu yanaşma sığorta bazarında etimadın gücləndirilməsinə və maliyyə sabitliyinə töhfə verir.
Qeyd olunub ki, strategiyanın icrası çərçivəsində 2026-cı ildə beynəlxalq təcrübənin araşdırılması, zəmanət sxeminin tətbiqinin mümkünlüyü ilə bağlı iqtisadi-texniki əsaslandırmanın hazırlanması və ilin sonunadək tətbiqlə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur.
Bununla bağlı hazırda beynəlxalq təcrübənin araşdırılması davam edir.