Aqrar Sığorta Fondundan meyvə bağlarının sığortası üzrə indiyədək həyata keçirilən ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb.
Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, üzüm, gilas, şaftalı-nektarin, badam, alma və alça bağlarına dəyən zərərlər üzrə ümumilikdə 651 min manat sığorta ödənişi həyata keçirilib. Qalan məbləğ isə müxtəlif hadisələrdən zərər çəkən meyvə bağları üzrə ödənilib.
Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə olub.
Üzüm bağlarına dəymiş zərərlərlə bağlı 168 min manat, gilas bağlarına 136 min manat, şaftalı-nektarin bağlarına 110 min manat, badam bağlarına isə 93 min manat sığorta ödənişi verilib. Müxtəlif hadisələr nəticəsində zərər çəkmiş alma və alça bağları üzrə müvafiq olaraq 77 min manat və 67 min manat ödəniş həyata keçirilib.
Meyvə bağlarına ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasma olub.
Hazırda aqrar sığorta çərçivəsində 41 növ bitki və bitki məhsulu sığortalanır. Onların bir hissəsini meyvə bağları təşkil edir. Aqrar sığorta vasitəsilə albalı, alça, alma, armud, badam, çiyələk, ərik, fındıq, gavalı, gilas, heyva, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm və zeytun bağlarını sığortalamaq mümkündür.